Məzmuna keç

Sən məni (Aşıq Əsəd)

Vikimənbə saytından
Sən məni
Müəllif: Aşıq Əsəd
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018.

Sənə neyləmişdim mən bəxti qara,
Niyə saldın bu azara sən məni!?
Hər nə desən, əmirindən qaçmıram,
Qul adına çək bazara sən məni.

Yusif də qul oldu o Züleyxaya,
Kərəm Əsli deyə girdi kilsaya.
Onlar kimi məni saldın sevdaya,
Tüccar etdin ahü zara sən məni.

Bağban oldum, bağda barı gözlədim,
Vaxt addatdı, gecə yarı gözlədim,
Doğru sözü, etibarı gözlədim,
Bənd eylədin düz ilqara sən məni.

Gözüm qaldı gözlərinin məstində,
Cəllad qaşın durub canım qəsdində.
Xəstənin dərmanı sinən üstündə,
Həsrət qoydun bir cüt nara sən məni.

Niyə qoydun yana-yana Əsədi?
Yetirmədin bir dərmana Əsədi.
Eyləyibsən bir pərvana Əsədi,
Yandırırsan, ay Sitara, sən məni.