Məzmuna keç

Səndədir

Vikimənbə saytından
Səndədir
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Mah camalın şölə saçır ay kimi,
Gözüm, könlüm, ay Süsənbər səndədir.
Qaşların sinəmi oxlar yay kimi,
Bir baharsan, müşki-ənbər səndədir.

Yandı qürbət eldə dilim, dodağım,
Çatıb Al-Osmana sözüm, sorağım.
Bir busə ver dada gəlsin damağım,
Yandı cigər, abi-kövsər səndədir.

Üzündə xallara salmışam nəzər,
Daldalan, görməsin səni bədnəzər.
Hər nadan bilməz ki, nədir simu-zər,
Allahverdi, dürrü-gövhər səndədir.