Səninlə
Görünüş
Səninlə Müəllif: Qasım bəy Zakir |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sevdiyim, gələ-gör, bahar fəslidir,
Könül istər gəzə bağı səninlə.
Gecə qucaqlaşıb yataq qolboyun,
Bir də duraq səhər çağı səninlə.
Nə xoş səadətdir dodaq-dodaqda,
Məzə müqabildə, badə qabaqda.
Vermənəm aləmə xəlvət otaqda
Deyib, gülüb, danışmağı səninlə.
Xahi aqil olam, xahi divanə,
Yoxdur ehtiyacım hurü qılmanə.
Gedərəm duzəxə mərdü mərdanə,
Əsli budur sözün sağı, səninlə.