Səninlədi
Görünüş
Səninlədi Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.217 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Öz-özünə deyinməynən,
Qışım, yazım səninlədi.
Ruzi verənə şükr elə -
Çoxum, azım səninlədi.
Beş dənədi qəza-qədər,
Hara getsən sənlə gedər.
Ahu-vay eləmə hədər,
Alın yazım səninlədi.
Alı, sığın ol Xudaya,
Dar günündə yetər haya.
Hər aşığı salma saya
Telli sazım səninlədi.