Sənmisən, ey mahsurət, cənnətin eynində hur
Görünüş
Sənmisən, ey mahsurət, cənnətin eynində hur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.235. |
Sənmisən, ey mahsurət, cənnətin eynində hur,
Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
Ayəti-ərşi-səmadandır lətafət sözlərin,
Dər məani cəm’ qıldı dürri-məknun zühur.
Çeşmeyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin,
Kim ola ol kim, qıla mehr ilə vəslinə səbur.
Şübhədən arındı ol kim, qıldı iqrari-səlat,
Ta əbəd məst oldu, içdi cür’еyi-mai təhur.
Kim ki, məhbubun liqasın gördü ol eynəl-yəqin,
Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur.
Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri,
Çünki vəslə vasil oldu, eşq ilə buldu hüzur.