Sərəndaz
Rəvayətlər. Sərəndaz Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bizim kəndə Minkənddən bir arvad gəlmişdi, bir oğlu da vardı
– adı Poladıydı. Arvad danışırdı ki, bəs, qara damda olurduq. Ərim
harasa getmişdi.
Mən də ağırayağıydım. Sancım tutdu, adam çağırmağa utandım. Uşaq oldu. Yudum, bələdim. Bu vaxt bacadan bir səs gəldi:
– Sərəndaz, Sərəndaz, təksən? Gəlim?
Qorxudan dinmədim. Gördüm bədheybət bir arvaddı, bir boyunbağısı var, bacadan sallanıb az qalır yerə dəysin. Yox oldu. Sonra yenə gəldi, dedi:
– Sərəndaz, Sərəndaz, gəlim?
Qapını azca araladım, qaynımı çağırdım, gəldi, dedi:
– Üstünə daş yağmasın, bəs niyə deməyibsən, arvad-uşaqdan çağıraq?
Əhvalatı qaynıma danışdım. Dedim:
– Qağa, bir arvad bacadan baxır – bir boyunbağısı var – sallanır, az qalır yerə dəysin. Deyir: “Sərəndaz, Sərəndaz, təksən, gəlim?” Mən də qorxudan dinmərəm, çəkilib gedir.
Qaynım çölə çıxan kimi həmən arvad yenə bacadan dedi:
– Sərəndaz, Sərəndaz, gəlim?
Dedim:
– Gəl.
Dedi:
– Hardan gəlim? Bacadan, yoxsa qapıdan?
Dedim:
– Qapıdan gəl.
Qapıdan gələndə qaynım iynəni taxdı bunun yaxasına. Üç ay saxladılar, işlətdilər. Qonum-qonşuya tapşırmışdılar ki, heç kim iynəni onun üstündən çəkməsin, çəksələr, yox olacaq. Bu Polad onda bir xırda uşağıydı. Bir gün hal bunu aldadır, bu da iynəni onun üstündən çəkir. Onnan da hal yox olub gedir.