Sərbəst insanlar ölkəsində/İbtidai məktəbdə və kitabxanada
←Cəmiyyət həyatının təməl daşı | Sərbəst insanlar ölkəsində. İbtidai məktəbdə və kitabxanada Müəllif: Əhməd bəy Ağaoğlu |
Azad insan ac qalmaz→ |
Pirlər ilk əvvəl məni ibtidai məktəbə apardılar. Çox böyük bir bina idi. Burada, təxminən, 600 şagird oxuyurdu.
Pirlərdən biri həmin binanı mənə göstərib dedi:
- Belə ibtidai məktəb şəhərimizdə çoxdur. 6 yaşından 12 yaşınadək bütün oğlan və qızlar mütləq bu məktəblərə getməlidirlər. Varlı, ya yoxsul, - hamı öz uşağını məktəbə göndərməyə borcludur. Uşaqlar dövlət hesabına oxuyurlar. Kitab, dəftər-qələm və sair oxu gərəklərini də dövlət verir. Hətta nahar yeməyini də uşaqlar burada yeyirlər. Bax, buna görə də bizim ölkədə yazıb-oxumaq bilməyən vətəndaş qalmayıb.
- Ancaq ustad, bu dövlətə çox baha başa gəlmirmi?
- Buna milyardlar xərclənir. Ancaq dövlət heç nə itirmir. Axı biliklilərin sayəsində yurdumuz çox zənginləşib. Dövlətin büdcəsi də çox dolğundur.
- Verginin ağırlığı yoxsulları əzmir?- Kimin sərvəti çoxdursa, vergilər də əsasən onlardan tutulur.
- Lap yaxşı. Amma zənginlər yoxsulların uşaqlarını oxutmağa məcburdurlarmı?
- Bəli, çünki birincisi, yuxarıda söylədiyimiz kimi, yoxsullar da vətəndaşdır. Və vətəndaşlar bir-birinə yardım göstərməyə borcludur. İkincisi, varlılar da yoxsul uşaqlarının oxumasında gerçəkdən maraqlıdırlar. Axı bu uşaqlar, əvvəl-axır həmin varlıların müəssisələrində, fabriklərində, zavodlarında çalışacaq, adi işçi və ya usta olacaqlar. Oxuyub yazmaq bilən, anlayışlı bir işçinin məhsuldarlığı ilə savadsız bir fəhlənin məhsuldarlığı arasında böyük fərq var. Deməli, göstərdikləri fədakarlığın əvəzini artıqlamasılə alırlar.
- Haqlısınız, ustad!
- İndi də səni məktəbin yanındakı xalq kitabxanasına aparaq. Beş-on addım uzaqda yerləşən böyük binaya daxil olduq. Binanın ikinci mərtəbəsindəki geniş bir salonun dörd tərəfi kitablarla dolu idi. Ortadakı uzun masaların ətrafında yüzlərcə qadın və kişi kitab oxuyurdular. Pirlərdən biri dedi:
- Şəhərin hər məhəlləsində bu cür xalq kitabxanası var. İbtidai məktəblərdə oxuyan uşaqlar böyüyəndən sonra boş vaxtlarının bir hissəsini burada oxuyub məlumatlanmaqla keçirirlər. İstəyənlər kitabı evinə də apara bilər. Bu yolla uşaqlıqdan qazandıqları yazıb-oxumaq vərdişlərini artırır, biliklərini çoxaldır, düşünməyə öyrənir və insanlığın ümumi acılarını, ümumi sevinclərini bilirlər.
- Bu ki çox gözəldir, ustad!
- Ancaq iş bununla da bitmir. Şəhərimizin bir neçə yerində xalq üçün ali bilik kursları açılıb. İstəyirsənsə, bunlardan birinə baş çəkək.
- Əlbəttə, istəyirəm!