Sərbəst insanlar ölkəsində/Bir mitinq:Natiqlərin sözləri

Vikimənbə saytından
Azadlıqla casusluq Sərbəst insanlar ölkəsində. Bir mitinq:Natiqlərin sözləri
Müəllif: Əhməd bəy Ağaoğlu
Xalqın yönəltdiyi dövlət

Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola biləcəyəmmi? Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız
öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!
Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı.
Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..Heç yadımdan çıxmaz: bir tanışım vardı. Telefonla danışdığı zaman deyərdin, nazir onun yanındadır - rəngi qaçar, pencəyinin düymələrini bağlamağa başlar, sağ əlini, aşağı salar və üzünə gülümsər bir ifadə verərək əlaqəsiz sözlər kəkələyərdi: "Bəli, ağa! Sizin kimi böyüyün sayəsində... Günah kiçiklərdən, əfv böyüklərdən"... Sonra telefonu hiddətlə yerə atar, kürsüyə yayılar və nəfəs alaraq deyərdi: "Ah! Az qala öləcəkdim! Bu nə qəzəb, nə hiddət?! Dünən şəxsən onun özünə yazılı məlumat vermişdim. Həmin məlumatda onun tabeliyində olanların pis əməllərindən bəhs etmişdim.
Yaman qəzəbləndi. Çox qəzəbləndi! Ancaq qədrimi bilsin, yatırdım hirsini! Oh, nə yatırdım!".
Həmin tanışımızı o vaxt dolayardıq. Amma gerçəyə qalınca hamımız onun kimiydik. İndi iliyimizəcən işləmiş bu bəlaları necə qoparıb atacağıq? Ürək döyüntüsündən, həyəcandan yata bilmədim. Bütün gecəni otağımda gəzişdim. Səhərə yaxın yorğunluqdan halsız düşüb özümdən gedibmişəm. Gözümü açdığım zaman günəş xeyli yüksəlmişdi.
Başımda ağrı vardı. Hava almağa ehtiyac duydum. Küçəyə çıxdım. Qaldığım evin qonşuluğunda böyük bir park var idi, oraya getdim. Bağbanlar ağacları sulayırdılar. Bir az o yanda yekə bir heykəl gördüm. Yanına yaxınlaşanda üzərində bu yazını oxudum:
"Sərbəst ölkənin ilk azad qəhrəmanı"
Bağbanlardan birinə yanaşıb parkın adını, qəhrəmanın kim olduğunu soruşdum.
- Başqa yerdən gəlmisiniz?
- Bəli, təzə gəlmişəm!
- Buraya Azadlıq parkı deyirlər. O heykəl də istibdada qarşı Azadlıq bayrağını qaldıran ilk vətəndaşın şərəfinə
ucaldılıb. Ölkəmiz bu qəhrəmanın adını əziz tutur.
Bu arada parka dəstə-dəstə adamlar gəlməyə başladı. Az sonra parkın müxtəlif yerlərində mitinqlər quruldu.
Mitinqlərdən birinə qulaq verdim: Gənc bir kişi həyəcanla hökuməti tənqidə tuturdu. Hökumətin partiya proqramına sadiq qalmadığını, işsiz vətəndaşların hələ də küçələrdə dolaşdığını, statistik məlumatlardan ölkə əhalisinin 0,02-nin oxumaq-yazmaq bilmədiyi anlaşıldığını və bunun ölkədən ötrü bir ayıb, başıaşağılıq olduğunu hərarətli bir dillə izah edirdi.
İkinci bir qrupa yaxınlaşdım: Burada isə orta yaşlı, arıq bir adam gənc nəsldə gördüyü çatışmazlıqları sadalayırdı. Onun dediklərindən belə çıxırdı ki, gənclər daha çox pula qaçır, işadamı olmaq həvəsilə yüksək bəşəri duyğulardan və yurdsevərlik keyfiyyətlərindən zaqlaşırlar. Bütün bunların nəticəsində yaratdıqları cılız və cansız, xəyal gücləri boş və çürükdür. Xasiyyətcə də get-gedə iradəsiz olurlar.
Natiq bu əlamətləri gələcək üçün qorxunc sayır və bunun əsini maarif sisteminin dəyişdirilməsində görürdü.
Ü çüncü mitinqdə gözəl və gənc bir xanım qadınların siyasi haqlarından söz açırdı. Bu xanımın sözlərindən anladım ki,
sərbəst insanların şəhərində qadınların bütün hüquqları kişilərlə eyni imiş. Yalnız şəhər başçısı ancaq kişi ola bilərmiş.
Tənqidin hədəfi də bu idi.
Natiq xanım görün nə deyirdi: "Axı necə ola bilər ki, qadının doğub, bəslədiyi oğul bu vəzifəni tuta bilər, amma qadının özü yox? Bizə fizioloji özəlliklərdən söz açırlar! Sanki kişilərin hamısı sapsağlamdırlar, heç birinin fizioloji əskiyi yoxdur! Dəlixanalara, həbsxanalara gedin, cinayət statistikasını oxuyun. Güman etmirəm ki, nəticə kişilərin xeyrinədir. Deməli, kişilərə nisbətən fiziki zəifliyimizi söyləyib, guya qayğımıza qalmaq sırf bəhanədir. Kişilərin zorakılığını davam etdirmək üçün qədimdən bəri faydalandıqları silahların son qırıq-quruğudur. Ancaq davamlı şəkildə savaşan qadın o biri silahları qırdığı kimi, bu son tör-töküntünü də süpürüb atacaq və nəhayət, kişilər anlayacaqlar ki, sonuncu sığınaqlarını da qadınların üzünə açmaq lazımdır. Kişilik şərəfi, kişilik ləyaqəti bunu tələb edir. Sərbəst insanlar ölkəsində bir tək adamın da başqalarından hüquqca aşağı olması azadlıq üçün bir ləkədir. Bu ayıbı, bu ləkəni qadın silib təmizləyəcək".
Bir az aralıda başqa qruplar da vardı. Ancaq mən artıq yorulmuşdum. Bir skamyaya oturub, indiyədək görmədiyim, duymadığım bütün bu yeni mənzərələr haqqında düşünməyə başladım.

"BURADA VƏTƏNDAŞLIQ BİR TORDUR Kİ, İÇİNƏ GİRƏN İNSANLAR BİR-BİRİNƏ BİTİŞİK HALQALARA BƏNZƏYİRLƏR"

Məni ən çox heyrətləndirən şey natiqlərin əda və üslubları idi. Gördüm ki, bunlar tənqid və gümanlarını yalnız olmuş və ola biləcək hadisələr üzərində qururlar. Ayrıca diqqət yetirirlər ki, sözlərində şübhə və tərəddüd doğuracaq qarışıq bir nöqtə qalmasın. Eyni zamanda söylədikləri təmiz və sayqılı idi. Tənqidə tutduqları adamların ləyaqətinə toxunacaq
tək kəlmə də işlətməkdən çəkinirdilər. Onlara hörmətlə yanaşırdılar. Dinləyənlərin gözlərindəki ifadədən, üzlərindəki ciddilikdən anladım ki, tənqidin bu tərzi daha çox təsir göstərir və daha faydalıdır. Bu yeni qənaətim istər-istəməz öz ölkəmdə gördüyüm tənqidləri yadıma saldı.
Aman Tanrım, o nə iyrənc mənzərə idi! Necə söyüşlər səslənər, necə suçlar sadalanardı?! Necə qarışıq sözlər, qapalı eyhamlar, örtülü və iyrənc açıqlamalar söylənərdi! Bəzən elə olurdu ki, dinləyənlər və oxuyanlar nifrətlə qulaqlarını tıxayar, gözlərini yumar və hər yandan tələb edərdilər ki, bu boğucu çirkab və üfunətə qarşı bir sədd çəkilsin. Bax o zaman bir qüvvə ortaya çıxar, söyləyənlərin ağzını, dinləyənlərin qulağını qapayar və insanlar yenə sükutdan, səssizlikdən boğulmağa başlayardılar!
Doğrudan da fəlakət idi: gah dağ seli kimi coşub-daşar, hər yanı dağıdar, gah da susuz çaylar kimi qupquru quruyardıq!
Kəsəsi, davranışımızın həddi bilinməzdi!..
Bax, indi anladım ki, azad olmaq yalnız istəyə, arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib, kübar olması lazım imiş!
- Bəli, bəli, kübar olmaq lazımdır!
- Kimlə danışırsan, əzizim?
Dönüb baxdım. Sən demə, göz önünə gətirdiklərimlə danışan zaman qonaq evində qalan anışlarımdan biri yanımda oturaraq, mənim səsimi eşitməyindən heyrətlənibmiş. Dedim:
- Xəyala dalmışdım. İndi gördüklərimlə keçmişdə yaşadıqlarımı xəyalımda tutuşdurub, ixtiyarsız olaraq o sözləri söylədim!
Tanışım gülümsədi:
- Eyni halı yaşadıq, - dedi.
- Belə çıxır ki, siz çoxdan buradasınız və ölkənin bütün əhvalını bilirsiniz?
- Elədir!
- O halda xahiş edirəm söyləyin. Bu mitinqlər hər gün olur?
- Hər gün olur. Bir növ məktəbdir. Ölkənin hər bir adamı bağlı olduğu məsələlər haqqında burada məlumat alır.
- Nə gözəl adətmiş!



Ertəsi gün pirlər yenə gəldilər. Onlardan birinə üz tutub soruşdum:
- Onuncu maddədə deyilir ki, birgə dəstək göstərmək borcudur. Bu nə deməkdir?
- Bəli! Sərbəst ölkənin fərdləri arasında həmrəylik göstərmək, birgə dəstək nümayiş etdirmək əsasdır. Azad olmayan yerlərə baxın; o yerlərdə fərdlər və ailələr ayrıca yaşayar, aralarında bağlılıq və münasibət də az olar. Niyə? Çünki başlarının üstündə dayanan istibdad öz yumruğunu işlədib bunların bir-birinə yaxınlaşmasına, birlik qurmasına imkan vermir. İstibdad quruluşu ayrılıq, eqoizm, yəni mənbazlıq aşılayır. Vətəndaşlar bir-birinə yad qalır, hər kəs hər kəsə
qarşı diqqətsiz olur. Belə bir cəmiyyətin fərdlərini əzmək asandır. Cəmiyyətin özü də cansız, qansız bir oyuncaq kimi atılıb tutulur, doğrudan da oyuncağa çevrilir.
Sərbəst şəhərdə isə birlik, bir-birinə dəstək vermək əsas sayılır. Burada hər kəsin hər kəslə əlaqədar olması, bir-birinin taleyinə qatılması qaydaya çevrilib. Burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara bənzəyirlər. Halqalardan hər hansı birinə yoluxan bəla dərhal digərlərinə də keçər, onlara da acı çəkdirər, onların da rahatlığını pozar və o bəla aradan qalxmayınca bu ümumi və ortaq rahatsızlıq bitmək bilməz.
Burada hər kəs hər kəsin haqq, şərəf, ləyaqət borcunu üstünə götürüb. "Mənə nə?", "Gör, özünü görməzliyə vur", "Bu sürüyə intizam dərsi vermək sənəmi qalıb?" kimi ötkəm qaydaların bu şəhərdə kökü kəsilib.
- Ah, ustad! Sizi ləzzətlə, həyəcanla dinləyirəm. Amma nə yazıq ki, indiyədək bütün bu adət-ənənələrin tam tərsinə alışmışam. Mən özümü necə dəyişdirməliyəm?! Doğrudan da, azad olmaq necə çətinmiş!
- Elədir, oğlum. Azad olmaq asan deyil. Köləlik daha asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər. Yadındamı, qala keşikçilərinin ilk sualı - "Başqalarını sevirsənmi?" oldu. Başqasını sevmək onun yolunda rahatsızlığa, əzab-əziyyətə qatlaşmaq deməkdir.
Vətəndaş həm özünü, həm də başqasını zülmdən qurtarmaq istəyirsə, yalnız bu yola üz tutmalıdır.
Sən isə indiyə qədər başqa yola alışdın. Öz rahatlığını və qurtuluşunu cəmiyyətdən qıraqda aradın. Təkcə öz ləyaqətini düşündün. Bu üzdən həmişə geriyə qaldın, həmişə alçaldın, həmişə rahatsızlıq içində yaşadın. İndi sən azad olmağa qərar vermisən. Deməli, özünü tərbiyə etməyə və sərbəst ölkənin qaydalarına alışmağa çalışmalısan.
İçində yaşadığın cəmiyyətin taleyinə biganə qalmamalısan, onun haqqını, hüququnu, çıxarını, şərəf və ləyaqətini qorumalısan, onun yoxsullarını, uşaqlarını, avamlarını düşünməlisən. Bundan ötrü qurulmuş yardım, qoruma, oxutma və sair qurumlara yazılmalısan. Bu şəhərdə bircə adam da tapılmaz ki, heç olmasa 5-6 ictimai bağla bağlanmış olmasın!
O üzdən, bu bağların bircəciyinə toxununca, o birilərinin də hamısı tərpənir və bütün cəmiyyət bir tək adam kimi hərəkətə başlayır.
- Necə xoşbəxt cəmiyyətdir!