Sərbəst insanlar ölkəsində/Hürriyyətlə əxlaq arasındakı fərq
←Hürriyyət və fikir ayrılığı | Sərbəst insanlar ölkəsində. Hürriyyətlə əxlaq arasındakı fərq Müəllif: Əhməd bəy Ağaoğlu |
Parlamentdə nələr gördüm→ |
Ustad soruşdu:
- Öncə bir şey soruşum: Azadlıqla əxlaq arasında sıx bağlılıq olduğunu qəbul edirsənmi?
- Qəbul edirəm!
- O halda məsələni çözmək asandır. Azad və sərbəst idarə üsulunun başına keçənlər, təbii ki, bu üsulu həvəslə mənimsəyirlər. Elə həmin idarə üsuluna hamıdan çox xidmət etdiklərinə görə də başçılığa yüksələ bilirlər. Deməli, yeni idarəçiliyi yayıb möhkəmlətmək vəzifəsi hər kəsdən çox onların boynuna düşür.Ancaq aydındır ki, bu vəzifənin lazımınca gerçəkləşdirilməsindən ötrü həmin vəzifəni tutanlar xalqın gözündəki nüfuz və dəyərlərini qoruyub artırmalıdırlar. Bu, birinci şərtdir. Elə ona görə də, həmin şəxslər, hər şeydən öncə, bu qiymət və nüfuzu zəiflədəcək, özlərini azacıq da olsa nüfuzdan salacaq hər cür davranış və əməldən çəkinməyə borcludurlar. Azadlığa doğru addımlayan bir millətin önündə belə rəhbərlər varsa, o millət artıq ən möhkəm dayağını tapmış sayıla bilər. Rəhbərlərə sayqı və inam bir ölkənin güvənliyini qoruyan başlıca sipərdir. Belə cəmiyyət hər cür qarışıqlığa asanlıqla sinə gələ bilər.
Düzdür, həmin rəhbərlərə də dil uzadan alçaqtəbiətli insanlar tapılır. Ancaq onların qorxusu yoxdur. Rəhbərlərinə inanan sağlam cəmiyyət belə halları asanlıqla çözür. Azadlıq tarixini araşdıranlara məlumdur ki, azadlıq üçün ən böyük təhlükə onu aradan qaldırmaq istəyənlərin rəhbər vəzifələri ələ keçirməsi və haqlı tənqidlərə meydan verməmələri olub. Ç ünki mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün istər-istəməz hədə-qorxu yolunu tutarlar. Başqa sözlə, bu adamlar özü-özlərini, dayandıqları əsasları, vaxtilə istibdada qarşı faydalandıqları silahları danmağa başlayarlar. Bax, o zaman azadlıq hər cür məna və anlayışını itirərək, xalqın gözündə müqəddəs görünməz. Azadlıq üçün ən acı və faciəli vəziyyət, bax budur!
Unutmaq olmaz ki, azadlığın ilk qurucuları bir növ missionerdirlər və yalnız sözdə deyil, işdə də xalqa azadlıq işığı verməyə borcludurlar. İlk qurucuların vəzifələri hər yerdə və hər zaman ağır olub, çətinliklərlə üzləşib. Axı azadlıq da bütün inanclar kimi fədakarlıq umar, qurban istəyər. Azadlığı sevənlər buna qatlaşmağa məcburdurlar. Fədakarlıq varsa, demək, vətəndaşların ictimai və siyasi tərbiyələri başlanıb. Öncə söylədiyim kimi, hər yerdə və hər zaman xalq kütlələri özünü kiməsə bənzətməyi xoşlayar və xüsusən də sayıb-seçdikləri rəhbərlərə oxşamağa çalışarlar. Üstəlik, həmin rəhbərlərin qurduğu ailə və məktəb tərbiyəsinin də təsirini nəzərə alsaq, millətin ictimai tərbiyəsini təmin edilmiş saymaq mümkündür.
Ustadı get-gedə daha diqqətlə dinləyirdim. Onun söylədiyi sözlər xəyalımda ümidverici, sevincli üfüqlər açırdı. İndiyəcən yan-yörəsi tikanlı kollarla qapalı görünən azadlıq yolu, artıq işıqlanmağa başlamışdı. Ancaq özüm istəməsəm də, ustadın sözlərini yarımçıq kəsməyə məcbur oldum:
- Ustad, sözlərinizi acgöz-acgöz dinləyirəm. Amma bu gün bizi parlamentə çağırıblar, axı. İndi getmək vaxtıdır. İcazənizlə, söhbətimizi elə burada saxlayaq!
Pirlər sağollaşıb çıxdılar. Mən də tanışlarımla birgə parlamentə getdim.
Parlament düz şəhərin ortasında, geniş bir meydanda yerləşirdi. Meydan boyunca uca binalar sıralanmışdı. Soruşub bu binalarla maraqlandım. Biri antik abidələr muzeyi, digəri panteon, üçüncüsü ümumi kitabxana, dördüncüsü isə incəsənət muzeyi imiş. Panteonun üzərində qızıl hərflərlə bu sözlər yazılmışdı: "Sərbəst ölkənin böyük övladlarına minnətdarlıq abidəsi". Mənə izah edəndən sonra anladım ki, sərbəst ölkənin yetirdiyi bütün böyük adamlar burada
uyuyurlar. Sən demə, əhali hər gün dəstə-dəstə buraya gəlir və orada əbədi yatan böyük adamların ömür yolundan, ölkə qarşısındakı xidmətlərindən balaca uşaqlara söz açırmış.
Geniş yol bizi mərmər sütunlu binaya aparırdı. Yolun hər iki tərəfinə qadın və kişi heykəlləri düzülmüşdü. Başçımızın verdiyi izahata görə, bunlar Parlamentdəki xidmətləri ilə özlərini tanıtmış parlament üzvlərinin heykəlləri imiş.
İkinci mərtəbədə geniş bir lojaya girdim. Qonaq evindəki tanışlarımın hamısını orada gördüm. Aşağıda, böyük bir salonda amfiteatr şəklində sıralanmış, təxminən 400 kresloda məclisin üzvləri oturmuşdular. Onlar parlament sədrinin gəlməsini gözləyirdilər. Rəyasət heyətinin arxa tərəfində bir əlində dəfnə yarpağı tutub o biri əlini irəliyə doğru uzadan, mərmərdən yonulmuş bir qız heykəli vardı. Bu heykəl sərbəst ölkənin simvolu idi. Yuxarıdakı lojalar ağzınacan
dolmuşdu. Başçımız anlatdı ki, hər gün belədir və bu ölkədə parlament bir növ xalq universitetinə çevrilib. Müxtəlif məsələlərlə bağlı mübahisələri dinləmək üçün hamı bura can atır.
Həmin gün Büdcə qanunu müzakirəyə çıxarılacaqdı. Sərvət üzərinə mütərəqqi bir verginin qoyulması haqqında hökumətdən gələn təklif qızğın mübahisələr doğuracaqdı.
Parlament rəisi gələn kimi, iclasın başladığını bildirdi.