Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Ruh və qəlb təmizliyi

Vikimənbə saytından
"Ziyalılar zümrəsi"nin mövqeyi Sərbəst insanlar ölkəsində. Ruh və qəlb təmizliyi
Müəllif: Əhməd bəy Ağaoğlu
Hürriyyət və fikir ayrılığı

Akademiyadan çıxarkən tanışıma: - Necə xoşbəxt şəhərdir, deyilmi? - dedim.
- Elədir! Bu şəhər neçə-neçə böyük adam yetirib. Bəşəri fəaliyyətinin hər sahəsində dərin izlər buraxan, öz ağıl və biliyinin meyvələrindən bütün bəşəriyyəti bəhrələndirən, öz ölkələrinə dünya millətləri arasında şərəfli bir mövqe qazandıran və ölkəsinin bütün ehtiyaclarını ödəyəcək keyfiyyətlərə malik bu adamlar bu ölkə üçün xeyir və bərəkət qaynağıdırlar. Belə övlad yetirən vətənlər necə xoşbəxtdir!
- Deməli, bu şəhərdə belə adamlar yetirən çoxlu qurum var?
- Özün görəcəksən! Elə şəhərin başlıca uğuru da budur.
Mən öz ölkəmi, bu baxımdan onun ehtiyaclarını düşündüm və keçmişə qarğışlar yağdırıb hələ bu gün də içində sayıldığım ziyalı zümrəsinin nə qədər cansız, işinə biganə, bəşəri dərdlərə yabançı olduğunu ilk dəfə bütün ciddiliyi ilə anladım. Öz-özümə söylənməyə başladım: "Biz kimik? Bu dünyadakı mövqeyimiz nədir? Bəşəriyyət bir yana qalsın, öz ölkəmizin faydalanacağı bircə ixtiramız, bircə kəşfimiz varmı? Heç olmasa bir dənə intellektual və elmi əsər yaratmışıqmı? Yazıqlar olsun ki, hər tərəfimizi saran görkəmli elm və texnika, sənət və ədəbiyyat əsərlərindən bircəciyi də bizim deyil. Bircə sənaye əsəri də yarada bilməmişik. Hamısı, hamısı başqalarınındır! Biz əslində bəşəriyyətin belinə minən, onun sayəsində yaşayan bir tüfeyliyik. Bu nə böyük bəla, bu nə böyük ayıb, bu nə böyük üzqaralığı!
- Yenə nə oldu sənə? Öz-özünlə danışırsan?
Dönüb baxdım. Tanışım gülməkdən boğulurdu.
- Hə! Bu ölkəni görəndən sonra, öz yurdunu xatırlayanda, az qalır dəli olasan.
Ertəsi gün pirləri özgə cür səbirsizliklə gözləyirdim. Ç ünki ölkə qanununda toxunulan söz, fikir və hərəkət təmizlikləri məndə dərin maraq oyatmışdı. Pirlər gələr-gəlməz onlardan birinə üz tutub dedim:
- Ustad! Bu gün qısaca üç təmizlikdən danışmağınızı xahiş edəcəyəm. Ustad! Risalənin bu hissəsini oxuyub heyrətləndim. Axı belə təmizliklərin olduğunu ömrümdə eşitməmişdim.
- Haqlısan! Elə yerlər var ki, bədəninin, paltarının təmizliyinə çox diqqətlə yanaşar, ümumi və özəl hamamlar, camaşırxanalar tikdirərlər. Hər gün yuyunar, paltar dəyişdirər, ətirlənərlər. Di gəl, ruhlarının və qəlblərinin təmizliyinə heç vaxt diqqət etməzlər. Onları da yuyub təmizləməyi ağıllarına gətirməzlər. Belə yerlərdə olanda, öncə gözəl və xoş qoxular duyursan. Ancaq bir az dərinə gedəndə, onları yaxından dinləyəndə, düşüncə və sözlərindən, davranışlarından üfunət yağır, iyrənc iylər yayılır. Adamın belə mühitlərə yazığı gəlir. Sərbəst insanlar ölkəsində isə üç təmizlik norma sayılır. Burada bədənin təmizliyinə diqqət yetirilir.
- Bir az açıqlayarsınızmı?
- Fikir təmizliyi deyəndə, heç bir təmənnasız və hiyləsiz, yalnız haqq və həqiqəti düşünmək nəzərdə tutulur. Söz təmizliyi deyəndə, yenə də heç bir bicliksiz sırf haqq və həqiqəti ifadə üçün söz söyləmək nəzərdə tutulur. Davranış təmizliyi də, hərəkət edərkən haqq və həqiqətə üz tutub getmək deməkdir!
Bu üç təmizlik birləşərsə, vətəndaşlar arasında çəkişməyə səbəb qalmaz. Hər kəsin fikri, sözü və hərəkəti hüquqa və həqiqətə üz tutduğundan və hər kəs buna inandığından, alınan nəticələr, nə olursa-olsun, adamların bir-birinə sayqısız davranmalarına əsas verməz. Axı ortada qərəz olmayanda ədavət və düşmənçilik də yaranmır. Bax, buna görə də, sərbəst insanlar ölkəsində müxtəlif peşə sahibləri bir-birinə qardaşca və sevgi dolu davranış göstərər və söz
vuruşmalarında heç bir zaman bir-birinə sayqı yolundan çıxmazlar. Burada vətəndaşların bir-birinə inamsızlığı və birbirindən çəkinməsi mümkün deyil. Biri özünü nə qədər hörmətli sayarsa, qarşısındakını da o qədər sayqılı bilər. Burada heç kim şərəf və doğruçuluğu inhisara götürməyib, onun tək sahibinə çevrilməyib. Bax, o səbəbdən, danışılan sözlər də tərbiyəli və sayqılı olduğu qədər də, tox, dürüst və səmimidir. Burada dolayı fikirlərə, budaqlı bənzətmələrə, ikimənalı deyimlərə, sətiraltı cümlələrə, şübhəli ifadələrə gərək qalmır. Hər kəs öz fikrini açıq söyləyir və başqaları da onun təbii səmimiyyətinə sayqı göstərir. Bu şəhərin əhalisi söz gəzdirmək, pıçhapıç, dedi-qodu kimi pis vərdişlərə dözümsüzdür. Açıq düşünər, açıq söyləyər, açıq davranar. Axı üç təməl təmizliyə bel bağlayıblar!