Sərbəst insanlar ölkəsində/Sərbəst ölkənin akademiyasında
←Heysiyyət sahibisənmi? | Sərbəst insanlar ölkəsində. Sərbəst ölkənin akademiyasında Müəllif: Əhməd bəy Ağaoğlu |
"Ziyalılar zümrəsi"nin mövqeyi→ |
Mən yerimdəcə donub qaldım: "Bunlar nələr söyləmədi, nələrdən söz açmadı: mənliyinə hakim olmalısan, insanlıq ləyaqətinə və ayrıca da vətəndaşa sayqı göstərməlisən. Mənliyini qorumaq üçün yoxsulluğa, ehtiyaca, əzab-əziyyətə dözməlisən! Ay-hay! Həyatda bu qədər şey adama gəlhagəl deyirsə, tamahlanmamaq asan işdirmi? Əyləncələr, gözəl qadınlar, bar və restoranlar, rəqslər, göz çəkən atlar, arabalar, avtomobillər və bütün bunları əldə etmək üçün asan
qazanc yolları varkən, necə tamahlanmayasan? İndi gəl mənliyini qorumaq üçün yoxsulluğa, ehtiyaca, əzab-əziyyətə qatlaş görüm, necə qatlaşırsan! Arzunla, iştahınla çarpış görüm, necə çarpışırsan?! Onları öldür görüm, necə öldürürsən!
Heç yadımdan çıxmaz. Tanışlarımdan biri bir zamanlar o fikrə düşmüşdü. Hər yandan təhqir və istehza tufanı qopdu:
"Ay dəlinin biri dəli, təklənmək istəyirsən, nədir? Rahiblər kimi sarsaqlayırsan. Anlamırsanmı ki, mədəniyyət - "yaşamaq, həyatın hər cür ləzzətini dadmaq, həyatda uğur qazanmaq deməkdir!" - söyləyərək həmin zavallını doğrudan da dəliyə çevirdilər. Yaxşı, indi bu ölkədə xalq başqadırmı? Mədəniyyət anlayışı bizimkinin tərsidirmi?
Sözə bax: "Vətəndaş kim olursa-olsun, ona sayqı göstərilməlidir! Doğrusu, bu özəllik mənim beynimə heç batmır. Vətəndaşdan vətəndaşa fərq var, axı! Kənddən gələn Əhmədin, ya da Məmmədin birinə mən necə sayqı göstərim? Necə söz söylədim, düşüncəsini dinləyim?! Axı onlara yalnız söyüşlə, yumruqla söz anlatmaq olur! Onlara üz versən, gör başına nələr gətirirlər? Yəni bu ölkənin avamı da başqa cürdür?"
Mən bu fikirlərə dalmışkən kimsə çağırdı və Akademiyaya getmək vaxtının çatdığını yadıma saldı. Doğrudan da, o gün sərbəst ölkənin Akademiyasındaki bir mərasimə dəvət edilmişdik. Getdik. Əzəmətli bir binaya girdik. Binanın mərmər pillələrindən geniş salonunadək iki tərəf şəhərin məşhur adamlarının heykəlləri ilə bəzədilmişdi. Bizə xüsusi loja ayrılmışdı. Yanaşı lojalarda da, çoxlu kişi və qadın əyləşmişdi. Salon hələ ki boş idi. Amma bir neçə dəqiqə keçməmiş
zəng çalındı və Akademiyanın üzvləri tək-tək, cüt-cüt salona daxil olmağa başladılar. Onların siması, davranış və hərəkətləri qeyri-ixtiyari sayqı aşılayırdı. Tanışıma sarı çevrilib soruşdum:
- O uzunsaç, səliqəli qoca kimdir?
- Tanınmış kimyaçıdır. Quduz xəstəliyinin mikrobunu tapan alimdir.
- Onun yanındakı çəlimsiz və xəstəhal adam kimdir?
- O da bu şəhərin ən böyük şairidir. Əsərləri dünyanın bütün dillərinə çevrilib.
- Onların arxasınca gələn iki nəfər kimlərdir?- Sağ tərəfdəki məşhur təbiət alimi və təkamül nəzəriyyəsini quran mütəfəkkir, sol tərəfdəki də fəlsəfədə çevriliş edən filosofdur.
- İndi bir yerdə girən üç nəfər kimlərdir?
- Uzunboy, topasaqqal adam simsiz teleqraf icad edən ixtiraçıdır. Ortadakı - bəstəboy adam axırıncı dəfə təyyarədə dünyanı dövrə vuran təyyarəçi, üçüncü isə məşhur tarixçidir.
Bu arada zəng yenidən çalındı. Tanışım səsləndi:
- İndi Akademiyanın prezidenti gələcək. O da əsərləri ilə iqtisadiyyat aləmində çevriliş edən məşhur tədqiqatçıdır.
Az sonra salona balaca və nurani bir qoca daxil oldu. Və tədbirə sədrlik edənlərin yerinə yan aldı. Onun ardınca dəstə halında digər üzvlər də gəldilər. Üzvlərindən biri özümdən ixtiyarsız diqqətimi çəkdiyindən: - O kimdir? - deyə soruşdum.
- Bu adam son savaşda ölkənin ordularına komandanlıq edən və qələbədən-qələbəyə aparan generaldır, - deyə cavab verdilər.
Akademiyanın prezidenti masanın üstündəki zəngi çalaraq: "Söz namizədindir" - dedi.
- Bu "namizəd" kimdir?
- Dünən əsərlərindən birini sənə verdiyim sosioloqdur. Onu bir il öncə dünyasını dəyişən digər bir sosioloqun yerinə seçiblər. İndi Akademiyanın ənənəsinə görə, boş yerə seçilmiş alim əvəz etdiyi həmkarından söz açacaq.
Doğrudan da, həmin adam kürsüyə çıxdı və əlindəki kağızları yerbəyer edib yerinə seçildiyi şəxsin həyatından və əsərlərindən bəhs etməyə başladı.