Sərbəst insanlar ölkəsində/Sərbəst insanların şərtləri
←Azadlıq və xarakter | Sərbəst insanlar ölkəsində. Sərbəst insanların şərtləri Müəllif: Əhməd bəy Ağaoğlu |
"Həqiqətə" hörmət→ |
İki gündən sonra ustadlar yenə gəldilər. Onlardan birinə üz tutub dedim:
- Ustad, məni bağışlayın, Sizi çox yoruram. Ancaq bir az da ümumi əsaslar haqqında izahat vermənizi xahiş edirəm.
Qala qapısındakı keşikçilər mənə bir neçə sual verdilər. Hamısına "bəli" cavabını verdim. Düzü, boynuma alıram ki, cavablarım şüurlu deyildi, yalnız Qalaya girişimi asanlaşdırmaq məqsədi daşıyırdı. İndi bunları da aydınlaşdırmanızı xahiş edirəm.
- Xatırlayıram. O keşikçilər şəhərin çox hörmətli vətəndaşlarıdır. Onlar kənar adamları Qalaya buraxmamaq üçün keşikçi təyin olunublar. Suallardan biri - "Tamahınıza hakimsinizmi?" idi, deyilmi?
- Bəli, ustad!
- Bu çox mühüm sualdır. Ölkəmizin ayrıca önəm verdiyi bir nöqtəyə toxunur. Azadlığın ruhu və ürəyi bu nöqtədədir.
Başqalarına qarşı azad ola bilməkdən ötrü öncə insan öz tamahından qurtulmalıdır. Öz tamahının əsiri olan adam azad ola bilməz.
- Anlamadım, ustad. Bunu daha aydın söyləyərsinizmi?
- Əlbəttə, insan azad ola bilmək üçün öncə öz tamahına yiyə durmalıdır. Azad insanlar ölkəsinin Nizamnaməsində xatırladılan və ciddi yasaq sayılan sifətlərin hamısı tamah ucbatından baş verir. Tutalım, yalan, ikiüzlülük, yaltaqlıq, çuğulçuluq, aravurma, haqqa və vətəndaşlara qarşı biganəlik və başqa belə sifətlər...
Bilməlisən ki, insanı canlandırıb hərəkətə gətirən amil - içində daşıdığı arzulardır. Bu arzular güclü və sürəkli olduğu zaman onlara tükənməz istək deyirik. Ancaq heç bir istək, özü-özlüyündə yaxşı, ya da pis adlana bilməz. Bunları yaxşı və pis göstərən hansı yolla gerçəkləşmələri, hansı vasitələrdən istifadə etmələridir. Misal kimi, ən çox yayılmış və ən
güclü istəklərdən sayılan vəzifə, sərvət, nüfuz və şöhrət istəklərini gözdən keçirək.
Bu istəklər yaxşı da ola bilər, pis də. Hər şey məqsədə çatmaq üçün hansı yol və vasitələrin seçilməsindən asılıdır.
Tutalım, vəzifə istəyən bir adamın önündə iki yol var: biri - çalışmaq, vətəndaşlara və vətənə xeyirli və faydalı olmaq, yüksək keyfiyyətlərlə xalqın inamını qazanmaqdır; ikincisi də - güc və vəzifə sahiblərinə yaltaqlanmaq, hiylə işlətmək, ara qızışdırmaq və sairdir.
Elə sərvət toplamaq istəyən adamın da önündə iki yol var: biri - çalışmaq, yaratmaq, yığımcıl olmaq, doğru-dürüst davranmaqla hamının inamını qazanmaq və sair bu kimi özəlliklərdir. İkincisi də - güclü adamlara çatmaq, onların sayəsində bir iş görmədən pul qazanmaq, rüşvət, yalan, ikiüzlülük, hiylə və sair kimi üsullara qurşanmaqdır! Şöhrət və nüfuz istəkləri də eynən bunlara bənzəyir.
Aydındır ki, həmin istəklər birinci yol və vasitələr hesabına gerçəkləşirsə, həm fərd, həm də cəmiyyət üçün xeyirli olur. İkinci yolu seçənlər zərər qaynağına çevrilirlər.
- Ustad, elə isə nədən insanların hamısı birinci yola üstünlük vermir?
- Bax, əsl məsələ də budur! İstək sahibi olan insan hədəfinə yetməkdən ötrü önündə açılan iki yol arasında çırpınır. Onun ruhunda birinci yolu üstün saydıracaq keyfiyyətlər tapılmırsa, ikinci yolu tutur!
- Ustad! Hansı keyfiyyətlərdən söhbət gedir?
- Doğruçuluqdan, şərəfdən, çalışqanlıqdan, üzügülərlikdən, təvazökarlıqdan və sairədən. Vətəndaşın ruhunda bu keyfiyyətlər gəlişibsə, dərhal yalana, ikiüzlülüyə, hay-küyçülüyə, yaltaqlığa və sair bu kimi iyrənc özəlliklərə qarşı çıxar və onları zərərsizləşdirər. Zəif və xaraktersiz insanlarda isə mübarizə o pis keyfiyyətlərin qələbəsi ilə bitər. Ancaq saydığımız yaxşı keyfiyyətlərə yiyələnmək çətin olduğu və zəhmət tələb elədiyi halda, pis keyfiyyətlərin əldə edilməsi və onlardan istifadə çox asandır! Özün de, - pis keyfiyyətləri daşıyan insanlar azad ola bilərmi? Belələri yuxarıda açıqladığımız səbəblərdən başqalarının əsiri olmağa məhkum deyillərmi? Belələrinin çoxalıb artması hamının azadlığı üçün bir təhlükə törətməzmi?
- Elədir, ustad. Bəs cəmiyyət üzvləri arasında yüksək keyfiyyətlər necə yayılır?
- Ölkəmizin tanınmış natiqi bu mövzuda dünən sizə ətraflı izahat verməliydi!
- Bəli. Yadımdadır. Onun çıxışı çox gözəl, həm də faydalıydı.
- Ölkəmizin hər yanında belə natiqlərimiz var. Onlar daim yurdumuzu gəzirlər. Bütün cəmiyyətə və ayrıca olaraq gənclərə yol göstərirlər. Bütün bunların sayəsində ölkəmizdə yuxarıda sadaladığımız pis keyfiyyətlərin heç biri qalmayıb. Vətəndaşlardan hansı birində elə keyfiyyətlər üzə çıxarsa, cəmiyyət dərhal ona qarşı çıxıb, həmin vətəndaşı uzaqlaşdırar.