Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Universitetdə və İnstitutda

Vikimənbə saytından
Parlamentdə nələr gördüm Sərbəst insanlar ölkəsində. Universitetdə və İnstitutda
Müəllif: Əhməd bəy Ağaoğlu
Pirlərlə yeni söhbət

Ertəsi gün bizi universitetə və kimya institutuna aparacaqdılar.
Universitet şəhər içində şəhərə bənzəyirdi. Dünyanın hər yanından gələn 16 min tələbəsi və alimlik şöhrəti hər tərəfə yayılmış 150 professoru vardı. Kitabxanasında 400 min cilddən çox kitab toplanmışdı. Saray kimi işıqlı salona girdiyimiz zaman gördüyümüz mənzərə bizi mat qoydu. Yüzlərcə tələbənin başı oxumağa qarışmışdı. Təkcə istəmək bəs idi ki, istənilən kitabı üç dəqiqənin içində tapıb verirdilər. Kitabları bəzən ikinci, üçüncü mərtəbədən gətirirdilər.
Kitabın adı yazılmış kağız parçası maşın vasitəsi ilə yuxarıya göndərilir və bir dəqiqə sonra həmin kitab öz-özünə sürüşüb xüsusi oyuqdan çıxırdı.Cərrahiyyə otağında, fizika və kimya laboratoriyalarında müəllim və tələbələr cərrahlıq öyrənir, araşdırma və sınaqlar aparmaqla məşğul olurdular. Burada bir yerdə insan meyidinə baxıb, bədən üzvlərini öyrənir, bir başqa yerdə kəllə sümükləri üzərində sınaq keçirir, üçüncü bir yerdə meymunların qanı üzərində təcrübə aparırdılar. Bir sözlə, bu əzəmətli binanın hər tərəfində gənc nəsil ağsaçlı müəllimlərin rəhbərliyi ilə çalışmaqda, həyata hazırlanmaqda idi.

Universitetdən sonra kimya institutuna getdik. Bu institut sözün tam mənasında bir möcüzə aləminə bənzəyirdi. Ağ önlüklü, iri gözlüklü, ağsaçlı müəllimlər yan-yörələrindəki minlərcə şüşənin, çeşid-çeşid alətlərin, yanan və fışıldayan külçələrin içində qədim sehrbazları xatırladırdılar. Tələbələr xırdaca qabların içində nə isə əzir, müəllimə göstərirdilər.
Müəllim həmin qablara şüşələrdən nə isə tökən kimi bir qaynaşma, bir parıltı başlayır və alov səngiyəndən sonra səpilən tozun yerində büllur kimi bir maddə yaranırdı.
Başqa bir tərəfdə bir başqa müəllim elektrik sınaqları keçirirdi. Bir başqa yerdə isə, hamının diqqəti cürbəcür qaz istehsalına yönəlmişdi.
Başçımız mənə doğru əyilib dedi:
- Tanıdığımız alınma qazlar burada hazırlanır. Bax, o balonları görürsən? Hamısı qazla doludur. Həmin qazı da bu balaca, çəlimsiz adam kəşf edib. Həyatının 30 ilini qazların tədqiqinə verib.
Mən heyrətlə bu arıq adama baxdım və o cür balaca başdakı beyinin böyüklüyünə mat qaldım.
Sanki arı pətəyinə düşmüşdüm. Bu sahədə çalışan adamı, həm də vurğunluqla çalışan adamı heç görməmişdim. Yəqin bu üzdən də yorğunluq duyub, yanımdakı tanışıma dedim:
- Əzizim, mən yoruldum, daha dözə bilmirəm. Gördüklərimdən sarsılmışam. Gəl açıq havaya çıxıb, bir az özümüzə gələk.
Sən demə, tanışım da elə mənim halıma düşübmüş. Oradan çıxaraq, institut bağındakı skamyalardan birinə tirtab düşdük. Tanışım barmağı ilə ətrafda qaynaşan insanları göstərib: "səy və bilik gör nələr yaradır. Bax bütün bunlar
azadlığın bəhrəsidir!" - dedi.
- Amma bir iş var, əzizim. Adam bilmir ki, azadlıq bu meyvələri yetirib, yoxsa meyvələr azadlığı doğurub... Bu məsələ
çözülməlidir.
- Bütün hallarda azadlıq əsasdır. Onsuz səy və biliklərimiz boşa gedər, yayılmaz. Buna ən yaxşı sübut azad olanlarla
olmayanlar arasındakı fərqdir. Yəni tənqid və sərbəst düşüncədir. Bax, o düşüncə hər cür biliyə yol açar, boş əqidələri
beyindən atar, yanlış yollardan qoruyar, səhvləri düzəldər, fəaliyyəti doğru yola yönəldər. Dünəndən bəri gör neçə ayrıca və bir-birini tamamlayan nəzəriyyələr dinlədik. Səy və bilikləri doğru yola yönəldən mübahisələrin şahidi olduq. Deməli, aydındır ki, bu ölkədə belə sərbəstlik olmasaydı, heç vaxt indiki qədər irəliləməzdi.
- Ancaq bunu da danmaq olmaz ki, biliklər yayıldıqca, səylər çoxaldıqca, azadlıq da güclənib canlanır.
- Əlbəttə! Təsirlər qarşılıqlıdır. Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır. Axı o halda azadlığın özünü yerbəyer etməsi çətinləşdiyi kimi, dolanışıq və güzəran üçün də başqalarına ehtiyac yaranır. Başqalarının fikri, elmi, sənayesi səni öz təsiri və nüfuzu altına salır. Bu da o demək deyil ki, tam azadsan. Xoşbəxt o yerlərdir ki, həm azaddır, həm də özü düşünüb, özü yaradır. Yaratmaq qabiliyyəti olmayan ölkələr, adətən, belə yerlərin
təbəəsinə çevrilir. İstər-istəməz, onlara ödənc verməyə, vergi ödəməyə məcbur qalır.
Yaratmaq bacarığı uzun müddət sürən sərbəst çalışmanın nəticəsidir. Bax, buna görə də bütün dərdlərin dərmanı azadlıq, azadlıq, yenə də azadlıqdır!
Artıq gecə düşürdü. Qonaq evinə qayıtmağın vaxtı çatmışdı. Bəxtimizdən qısa zaman içində adamı şəhərin hər hansı bir yerinə yetirən metro stansiyası Universitet bağı ilə üzbəüz idi. Oraya getdik. Elektriklə çalışan enli pillələrlə - eskolatorla aşağı endik. Bir də gördük ki, geniş, təmiz, həm də işıqlı bir dayanacağa çatmışıq. Bircə dəqiqədən sonra qatar gəldi. Önümüzdəki vaqona minib, düz yeddi dəqiqədən sonra qonaq evinin yerləşdiyi küçəyə çatınca düşdük. rasını da deyim ki, qatarda nə bilet vardı, nə də nəzarət. Yalnız başçımız metroya girərkən bir qutuya üç ayrı-ayrı jeton atdı. "Burada bilet və nəzarət olmur ki?" - deyə soruşanda isə:
-Yox, yolhaqqı qutuya atılır! - deyə cavab verdi.
- Bundan sui-istifadə etmirlər?
- Belə hal olmayıb. Önəmlisi - insanlara inanmaqdır. İnam artdıqca, doğruçuluq da artır.
Sonra rəhbər bunu da sözlərinə əlavə etdi:
- Bu qatarlar hər gün 500 min işçi daşıyır.