Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Yaşayış sadəliyi

Vikimənbə saytından
Əzəmətli bir maşın fabrikası Sərbəst insanlar ölkəsində. Yaşayış sadəliyi
Müəllif: Əhməd bəy Ağaoğlu
Haqqı müdafiə vəzifədir


Ertəsi gün pirlər deyilən vaxt gəldilər. Bu dəfə onlardan yaşayış sadəliyi haqqında danışmalarını istədim. Onlardan biri:
"Yaşayış sadəliyi də söz sadəliyi qədər önəmlidir" - deyə sözə başladı:
- Sadə yaşamağa alışqanlıq mənəvi azadlığın təməlidir. Sərbəst ölkə buna da ayrıca önəm verir. Yersiz vərdişlər və bu vərdişlərin yaratdığı ehtiyaclar insanların azadlığı üçün bir tələdir. Çünki insan belə vərdiş və ehtiyaclarını qanuni qazancla ödəyə bilmirsə, istər-istəməz başqalarına sığınmağa, onlara yarınmağa və onların maddi, mənəvi təsiri altında qalmağa məcbur olur. Halbuki sadə yaşamağa alışmış adamlar həmin təhlükə ilə üzləşmirlər. Məhz belə adamlar öz
azadlıqlarını daha asan qoruya bilirlər.
- Ustad, amma burada iki məsələ çıxır axı. Biri - qazanc artdıqca yersiz vərdişlərin də çoxalması, digəri isə mədəniyyətin insanlarda hər gün yeni ehtiyaclar doğurmasıdır. Bax, bu haqda nə deyərdiniz?
- Haqlısan. Qazanc artırsa, bütövlükdə boş vərdişlər də artır. Mədəniyyətə gəlincə, o da boş vərdiş və ehtiyacların çoxalmasına səbəb olur.
Ancaq məsələ bunda deyil. Məsələ mədəniyyətin yüksəldiyi, ehtiyacların artdığı yerdə də yersiz vərdişlərin quluna çevrilməməkdədir. Mədəniyyət yoluna təzəcə çıxan mühitlər üçün bu məsələ ayrıca önəm daşıyır.
Mədəniyyəti aramla yüksələn mühitlərdə adamların qazancları da yavaş-yavaş, təbii şəkildə artır. Bu baxımdan, ümumi sərvət həmişə mədəniyyətin səviyyəsinə uyğun gəlir.
Belə mühitlərdə vərdişlər və vərdişlərdən doğan ehtiyaclar gerçək və təbiidir. Axı bunları ödəmək üçün əldə edilən qazanclar da eyni nisbətdədir. Deməli, azadlıq və sərbəstlik üçün təhlükə yoxdur. Ancaq bir də görürsən ki, hələ iqtisadi həyatı inkişaf etməmiş mühitlər mədəniyyətin ən son gerçəklərini yamsılamağa başlayırlar. Bax, bu təhlükəlidir. Həqiqi və qanuni qazanclar qurama və qeyri-təbii vərdişlərdən irəli gələn yenə süni və yenə qeyri-təbii
ehtiyacları ödəməyə bəs etmədiyindən, öz vərdişlərinin quluna çevrilənlər qanunsuz qazanclar yolunu tutmağa başlayırlar. Bununla da mühit maddi və mənəvi baxımdan uçuruma doğru sürüklənir.
O cür mühitdə hər kəs istər-istəməz, gözünü dövlətin xəzinəsinə dikir və bu xəzinənin açarlarını əllərində tutanları görəndə vurnuxur, onların meyl və arzularına görə davranır və beləcə, yavaş-yavaş yalan, ikiüzlülük, yaltaqlıq, sui-istifadə, didişmə və sair pozucu bəlalar cəmiyyəti öz toruna salır və ellikcə çürümə başlayanda, digər üstün keyfiyyətlər
kimi, azadlıq da itirilir.
Görmürsənmi, istibdad quruluşunda insanları bədxərcliyə, iyrənc əyləncələrə, kef məclislərinə, bər-bəzəyə və bu kimi pozucu vərdişlərə alışdırmaq düşünülmüş bir sistemdir. Bütün o sırıqlı uniformalar, par-par parıldayan paltarlar, o möhtəşəm avtomobillər, faytonlar, o əzəmətli saraylar, o zərbafta parçalar və qab-qaşıq, o daş-qaş və ipəklər yalnız və yalnız adamların tamah hissini oyandırmaq və onları bütün bunların qaynağı olan saraya, yəni hakimiyyətə bağlamaq üçündür.
Padşahlara boş yerə "minnət qoymadan yaxşılıq edən ağamız" ("vəlineməti - biminnət Əfəndimiz") deyilməyib ki?
Sərbəst ölkənin idarəçiliyi isə öz təbiəti baxımından bunun tamam əksidir. İstibdadın amacı kölə yetirməkdir. Dəbdəbə, bədxərclik və pozğunluq məhz kölə yetirmək vasitələridir. Sərbəst ölkənin isə məqsədi sadəlik və ləyaqət vasitəsilə vətəndaş yetirməkdir.
- Ancaq ustad, sadə yaşamaq vərdişinə necə alışırlar? Sərbəst ölkədə hər bir adamın istədiyi kimi yaşamaq yetkisi yoxdurmu?
- Əlbəttə, var. Ancaq bizim tərbiyə üsulumuz vətəndaşları sadə yaşamağa alışdırır.
- Necə?
- Lap asan. Ta uşaqlıqdan vətəndaşlarımızı sadə yaşamağa alışdırırıq. Hələ beşikdə ikən onları əhatə edirik. Ölkənin öz malından hazırlanmış sadə və təmiz şeylərlə edirik. Gözlərini və beynini bu sadəliyə alışdırırıq. Məktəb çağında varlıya, yoxsula fərq qoymadan, hamısına eyni biçimdə hazırlanmış ucuz və təmiz paltarlar geydiririk. Bər-bəzəyi və dəbdəbəli yığıncaqları məsləhət bilmirik. Bədxərcliyə, təmtərağa qarşı biganəlik aşılayırıq. Bax beləcə, öz-özünə,
vətəndaşlar sadə yaşamağı öyrənir, dəbdəbəli həyata və israfçılığa ehtiyac duymurlar.
Sən xeyli vaxtdır ki, buradasan. İndi söylə görüm, qadınlarımızda, kişilərimizdə, ya da həyatımızın hər hansı sahəsində dəbdəbə və bədxərclik deyilən bir şeyə təsadüf etdinmi?
- Xeyr, ustad! Bu özəllik məni həmişə heyrətləndirirdi. Səbəbini indi anladım.