Sərv ağacı
Sərv ağacı Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05. |
Azadlıq rəmzidir şux sərv ağacı,
Əyilib budağı toxunmaz yerə.
Ardınca cəzb edib o, nəzərləri
Daima ucalar nurlu göylərə.
Fırtınamı qopdu, küləkmi əsdi,
Tökülməz yarpağı, əyilməz qəddi.
Bilməz bu dünyada riyakarlığı,
Ülvidir, nəcibdir onun varlığı.
Qarışıq həyatın qəmindən uzaq,
Sakit məzarlıqdan göylərə qalxar.
Sərin kölgəsinə kim gəlsə qonaq
Dalınca göylərə boylanar, baxar.
Bir yaşıl qüllədir-ümid qülləsi,
Ucalıb təpəsi ərşə dayanar.
Altında gəmirər qurdlar məzarı,
Üstündə ulduzlar sayrışıb yanar.
Bir Mirzə üz tutub soruşdu məndən:
“Bizim şah haqqında nə fikirdəsən?
Söylə genişdirmi ondakı ürək,
Sazdırmı ağlı da qulaqları tək?”
“O da bir adamdır qalanlar kimi, -
Əba, əmmaməsi olanlar kimi.
Xalqın cahil, qorxaq, kor olduğunu
Bilib cəhalətdə saxlayar onu”.