Məzmuna keç

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su

Vikimənbə saytından
Saçma, ey göz, əşkdən könlümdəki odlarə su
Müəllif: Məhəmməd Füzuli


Saçma, ey göz, əşkdən könlümdəki odlarə su
Kim, bu dəklü tutuşan odlara qılmaz çarə su.

Abigundur günbədi-dəvvar rəngi, bilməzəm,
Ya mühit olmuş gözümdən günbədi-dəvvarə su.

Zövqi-tiğindən əcəb yox olsa könlüm çak-çak
Kim, mürur ilə buraxır rəxnələr divarə su.

Vəhmdən söylər dili-məcruh peykanın sözün,
Ehtiyat ilə içər hər kimdə olsa yarə, su.

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üçün tək, versə min gülzarə su.

Oxşada bilməz qübarini mühərrir xəttinə,
Xamə tək baxmaqdan ensə gözlərinə qarə su.

Arizin yadilə nəmnak olsa müjganım, nola,
Zaye olmaz gül təmənnasilə vermək xarə su.

Qəm günü etmə dili-bimardən tiğin diriğ,
Xeyrdir vermək qaranqu gecədə bimarə su.

Mən ləbin müştaqiyəm, zöhhad Kövsər talibi,
Netəkim məstə mey içmək xoş gələr, hüşyarə su.

İstə peykanın, könül, hicrində şövqüm sakin et,
Susuzam bir gəz bu səhradə mənimçün arə su.

Rövzeyi-kuyinə hərdəm durmayıb eylər güzar,
Aşiq olmuş, qalibə, ol sərvi-xoşrəftarə su.

Su yolun ol kuydən topraq olub tutsam gərək,
Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.

Dəstbusi arizusundan ölərsəm, dustlar,
Kuzə eylin toprağım, sunun onunla yarə su.

Sərv sərkəşlik qılır qümri niyazından, məgər
Damənin tuta, əyağinə düşə, yalvarə su.

İçmək istər bülbülün qanın, məgər bir rəng ilə,
Gül butağının mizacına girə, qurtarə su.

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

Seyyidi-növi-bəşər, dəryayi-dürri-istifa
Kim, səpibdir möcüzatı atəşi-əşrarə su.

Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin,
Möcüzündən eyləmiş izhar səngi-xarə su.

Möcüzü bir bəhri-bipayan imiş aləmdə kim,
Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.

Heyrət ilən barmağın dişlər, kim etsə istima,
Barmağından verdiyin şiddət günü ənsarə su.

Dusti gər zəhri-mar içsə olar abi-həyat,
Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su.

Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövcxiz,
Əl sunub vurğac vüzu üçün güli-rüxsarə su.

Xaki-payinə yetəm der, ömrlərdir müttəsil,
Başını daşdan-daşa vurub gəzər avarə su.

Zərrə-zərrə xaki-dərgahinə istər sala nur,
Dönməz ol dərgahdən, gər olsa parə-parə su.

Zikri-nətin virdini dərman bilir əhli-xəta,
Eylə kim, dəfi-xumar üçün içər meyxarə su.

Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm,
Eylə kim ləbtəşnələr yanıb dilər həmvarə su.

Sənsən ol bəhri-kəramət kim, şəbi-meracdə,
Şəbnəmi-feyzin yetirmiş sabitü səyyara su.

Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər,
Hacət olsa mərqədin təcdid edən memarə su.

Bimi-duzəx, nari-qəm salmış dili-suzanimə,
Var ümidim əbri-ehsanın səpə ol narə su.

Yümni-nətindən gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək lölöi-şəhvarə su.

Xabi-qəflətdə olan, bidar olanda ruzi-həşr
Əşki-həsrətdən dolanda dideyi-bidarə su.

Umduğum oldur ki, ruzi-həşr məhrum olmayam,
Çeşmeyi-vəslin verə mən təşneyi-didarə su.