Məzmuna keç

Sağlam ikən müalicə

Vikimənbə saytından
Sağlam ikən müalicə
Müəllif: Abbasqulu ağa Bakıxanov


Deyirlər xəyala uyan bir adam,
Xam ikən püxtəyəm deyərdi müdam.
Düşündü: «Səbəbi nədir səhhətin?»
Tapdı:--lüzumudur bu təbiətin.
Hər bir xəstəliyin bir səbəbi var,
İllətsiz xəstəlik olmaz aşikar.
Altı şey vücuda çox lazımdır bil,
Dörd şey də eləyir mərəzi təhlil.
Bu şeylər birləşsə bir yerdə yəqin,
Pozulmaz heç zaman halı səhhətin.
Deməli, mərəzdən kim görsə bəla,
Etmiş öz-özünü dərdə mübtəla.
Ağıllı, xəstəlik hələ gəlməmiş,
Çalışar vaxtında görülsün hər iş.
Elə ki, hüdudu aşdı bir ixlat,
Bədəndə törəyər xəstəlik, fəsad.
Vücudun səhhəti pozulub gedər,
Yüz illət bədəni sərnigun edər.
Sağlamkən gərəkdir edəsən əlac,
Ki, vücud olmasın dəvaya möhtac.
Xülasə, bir mərəz tapdı nəhayət,
Tapdı sonra ona neçə əlamət.
Guya ki, mərəzin önünü aldı,
Özünü gör necə bəlaya saldı:
Əvvəlcə işlətmə içdi o dərhal,
Boşaltdı qarnını o tamam, kamal,
Yay idi, yanırdı aləm istidən,
Əridi hərarət içində bədən.
İşlətmə canına vəlvələ saldı,
Sağlamkən canını naxoşluq aldı.
Qorxduğu başına gəldiyi zaman,
Az qaldı zavallı təslim edə can.
Ey Qüdsi, az belə əfsanə oxu,
Zamanə əhlinin avamdır çoxu.
Xəyal aləmində qalıb sərgərdan,
Cahilkən dəm vurur ağıl, şüurdan.
«Kamaldan naqisdir hər kəs»,--deyəndə,
Barı fəzilətdən dəm vurma sən də.