Sağsağan və noxud

Vikimənbə saytından
Sağsağan və noxud
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmiş zamanlarda bir sağsağan vardı. Sağsağan bir noxud tapıb dəyirmana apardı ki, iki yerə bölsün. Noxudu iki yerə böldü, ancaq iş burasındadır ki, noxud ilişib dəyirmanda qaldı. Sağsağan heç cür noxudu oradan çıxara bilmədi. Sağsağan dülgərin yanına gəlib dedi:

– Dülgər, ay dülgər! Dəyirmanı sındır, mənim noxudumu tap. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçacağam?

Dülgər isə ona belə cavab verdi:

– Böyük şeymiş, noxud! Mən noxuda görə dəyirmanı sındırmayacağam ki! Rədd ol buradan!

Sağsağan uçub racənin sarayına gələrək şikayətləndi:

– Racə, ay racə! Sən dülgərə cəza ver. O, dəyirmanı sökmək istəmir, mənim noxudumu oradan çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçacağam?

– Axmaq sağsağan! – deyib racə onun üstünə qışqırdı. – Rədd ol buradan! Bilməmişdim, durub noxudun üstündə dülgəri cəzalandıracağam?

Sağsağan racənin arvadı Raninin yanına gəlib dedi:

– Rani, ay rani! Sən racədən xahiş et ki, dülgəri cəzalandırsın: dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu oradan çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçacağam?

Rani deyir:

– Görəsən noxud nə böyük şeymiş! Bilməmişdim, bir noxuddan ötrü racəni narahat edəcəkdim!

Sağsağan uçub ilanın yanına gəldi və ondan xahiş etməyə başladı:

– İlan, ay ilan! Get Ranini sanc, o, racəni narahat etmək istəmir, racə dülgərə cəza vermək istəmir, dülgər də dəyirmanı sökmək, mənim noxudumu oradan çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs uzaq ölkələrə neçə uçub-gedəcəyəm?

İlan sağsağana belə cavab verdi:

– Sən məndən nə istəyirsən? Çox böyük şeymiş: mən də durub noxudun üstündə Ranini zəhərləyəcəyəm! Rədd ol burdan!

Sağsağan uçub toppuzun yanına gəldi:

– Toppuz, ay toppuz! Sən get ilanı əzişdir. İlan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçub gedəcəyəm?

Toppuz ona belə cavab verdi:

– Eh, görəsən noxud nədir ki? Mən də durub ondan ötrü ilanı əzişdirim? Rədd ol!

Sağsağan uçub alovun yanına gəldi:

– Alov, ay alov! Sən get toppuzu yandır: toppuz ilanı əzişdirmək istəmir, ilan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgərə cəza vermək istəmir, dülgər də dəyirmanı sökmür, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs uzaq ölkələrə necə uçub gedəcəyəm?

– Yox, toppuzu yandırmayacağam. Böyük şeymiş noxud!

Sağsağan uçub dəniz qırağına gəldi:

– Dəniz, ay dəniz! Get alovu söndür: alov toppuzu yandırmaq istəmir, toppuz ilanı əzişdirmək istəmir, ilan gedib ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçub gedəcəyəm?

Dəniz sağsağana dedi:

– Ay sağsağan, sağsağan! Bu da işdir! Noxud çox böyük şeymiş?! Mən də bir noxuddan ötrü durub alovu söndürəcəyəm. Rədd ol başımdan!

Sağsağan dənizdən uçub filin yanına gəldi:

– Fil, ay fil! Gəl sən dənizin suyunun hamısını iç: dəniz alovu söndürmək istəmir, alov toppuzu yandırmaq istəmir, toppuz ilanı əzişdirmək istəmir, ilan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçub gedəcəyəm?

Fil cavabında elə böyürdü ki:

– Rədd ol gözümün qabağından! Mən də bir noxudun üstündə dənizin suyunu durub içəcəyəm!

Sağsağan liananın yanına gəlib dedi:

– Liana, ay liana! Sən elə güclüsən ki, sarmaşıb ən böyük ağacı da quruda bilərsən. Get filin ayağına və xortumuna sarmaş: fil dənizin suyunu içmək istəmir, dəniz alovu söndürmək istəmir, alov toppuzu yandırmaq istəmir, toppuz ilanı əzişdirmək istəmir, ilan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər də dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs uzaq ölkələrə necə uçub gedəcəyəm?

Liana ona belə cavab verdi:

– Hörmətli sağsağan, sənin xahişini yerinə yetirə bilməyəcəyəm. Bir də ki, noxud nə şeydir ki?

Sağsağan uçub siçanın yanına gəldi:

– Siçan, ay siçan! Get liananı çeynəyib tök: liana fili boğub öldürmək istəmir, fil dənizin suyunu içib qurtarmaq istəmir, dəniz alovu söndürmək istəmir, alov toppuzu yandırmaq istəmir, toppuz ilanı əzişdirmək istəmir, ilan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçub gedəcəyəm?

Siçan belə cavab verdi:

– Yox, mən bir noxuddan ötrü durub liananı çeynəyib tökməyəcəyəm. Rədd ol!

– Yaxşı, heç eybi yoxdur! Ancaq yadında saxla ki, sən bunun üçün heyfsilənəcəksən, – deyə sağsağan onu hədələyib, pişiyin yanına uçdu.

– Pişik, ay pişik! – deyə sağsağan onu dilə tutdu. – Get siçanı ye: siçan gedib liananı çeynəyib tökmək istəmir, liana fili boğmaq istəmir, fil dənizin suyunu qurutmaq istəmir, dəniz alovu söndürmək istəmir, alov toppuzu yandırmaq istəmir, toppuz ilanı əzişdirmək istəmir, ilan ranini sancmaq istəmir, rani racəni narahat etmək istəmir, racə dülgəri cəzalandırmaq istəmir, dülgər dəyirmanı sökmək istəmir, mənim noxudumu çıxarmaq istəmir. Bəs mən nə ilə dolanacağam? Bəs uzaq ölkələrə necə uçub gedəcəyəm?

Pişik çox ac idi, siçanın adını eşidən kimi o saat dedi:

– Apar məni onun yanına!

Siçan pişiyi görən kimi qorxusundan əsdi və dili dolaşadolaşa dedi:

– Ay pişik, ay pişik, məni yemə, mən liananı çeynəyib tökərəm!

Liana siçanı görüb dedi:

– Ay siçan, məni çeynəyib tökmə, mən filin ayağına da, xortumuna da dolaşaram!

Fil liananı görən kimi qışqırdı:

– Ay liana, ayaqlarıma dolaşma! Mən dənizin bütün suyunu içərəm!

Dəniz fili görən kimi xahiş etməyə başladı:

– Ay fil, məni qurutma, mən alovu söndürərəm!

– Məni söndürmə, söndürmə! – deyə alov qışqırdı. – Mən toppuzu yandıraram!

– Ay alov məni yandırma, mən ilanı əzişdirərəm! – deyə toppuz ondan xahiş etdi.

– Məni döyməyin, döyməyin, mən ranini sancaram! – deyə ilan fışıldadı.

Rani isə dəhşətli ilanı görüb o saat qışqırdı:

– Məni sancma, məni sancma! Mən racədən xahiş edərəm!

Rani də racədən xahiş etdi ki, dülgəri cəzalandırsın. Racə dülgəri çağırıb o saat dəyirmanı sökməyi və noxudu oradan çıxarmağı əmr etdi.

– Əgər sən bunu eləməsən, – deyə racə dilləndi, – onda mən sənə bərk cəza verərəm.

– Yox, racə, mənə cəza vermə, mən hər şeyə əməl edərəm! – deyə dülgər o saat gedib dəyirmanı sökdü və noxudu tapıb çıxartdı.

Sağsağan noxudu götürüb qanadlarını çırparaq dənizin o tayına – uzaq ölkələrə, bala çıxarmağa uçub getdi.