Salman kişinin hekayəti
Rəvayətlər. Salman kişinin hekayəti Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bizim kənddə bir Salman kişi vardı. Bir gün bu Salman kişi
çaylaqdakı yoncalıqda ot biçirdi. Salman kişi gəldi oturdu qarağacın
kölgəsində. Qağam dedi ki, Salman dayı, bir keçmişdən söhbət
elə, qulaq asaq. Halı nə təhər tutmuşdun, onu danış.
Salman kişi dedi ki, Məhəmməd, bir gün axşam çöldən gəldim
evə. Yorğun-arğınıydım. Sona su qoydu, suya düşdüm. Dedi: “Ay
Salman, qaranlıq düşdü, camışlar örüşdən gəlmədi axı”.
Naəlac qalıb durdum ayağa ki, gedim-görüm camışlar harda qaldı? Araba yoxuşunnan yenirdim, şeytan girdi qəlbimə, canıyanmış Cahan düşdü yadıma. O vaxt Cahanın əri burda yoxuydu.
Dedim, yolumu salım Cahangildən, gözümün qurdunu öldürüm. Bu fikirnən araba yoxuşunu yenirdim, bir də gördüm ağ paltarlı yekə bir arvad, dalında sənək üzüyuxarı çıxır. Birdən ağlıma gəldi ki, bu, hal olacaq (hal pak adamın gözünə görsənər. Mən də suya düşmüşdüm axı). Budu gördüm çatır mənə. Üstümdə sancaq da vardı, iynə də. Ancaq karıxdım. Tutdum bu arvadın qolundan, bıçağı dirədim böyrünə. Bıçağı böyrünə dirəyən kimi başladı yalvarmağa, dedi ki, burax gedim. Zırzoğallıda iki uşağımı qoyub gəlmişəm. Buraxmadım. Dedi ki, səni and verirəm yeddi arxa dönənə, burax gedim, gəlmişəm su aparmağa, uşaqlarım gözləyir, ərim də taxıl döyür. Nə illah elədi, buraxmadım. Sancağı keçirtdim boynuna, iynəni də sancdım kürəyinə, gətirdim evə. Evə çatan kimi qara aftafanı qoydu ocağın üstünə, süpürgəni götürdü evi süpürdü. Üç il saxladım, ancaq nə illəh elədim, xəlvətə düşəndə mənə “əl vermədi”. Hər gün gedib təzək yığıb gətirirdi. Evi silib-süpürürdü, çörək salırdı. Yoğurduğu xamır qurtarmaq bilmirdi. Toyda heç kim onun kimi oynayammazdı. Üç ildən sonra kimsə sancağını açdı, iynəsini çıxartdı. Hal baş götürüb qaçdı.
Kənddə danışırdılar ki, o vaxt hal, Salman kişini qarğıyıb deyib: “Sən ki mənim balalarımı yiyəsiz qoydun, xeyir tapmayassan, yurdun kor qalacaq”.
Elə də olub. Salman kişi öləndə yurdunda heç kim qalmayıb.