Saman əhvalatı

Vikimənbə saytından
Saman əhvalatı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva (2017). Nanaylı-halaylı dünyam (az). "SkyG". ISBN 978-9952-440-08-05. 2017 tarixində istifadə olunub.

Bir ili quraqlıq olduğu üçün Güllübulağın camaatı lazım olduğu qədər ot-alaf tədarükü görə bilməmişdi. Qış uzanır, yaz gəlmək bilmirdi. Gah hava düzəlir, gah alaçalpoy qar yağır, bəzi evlərdə ot, saman tükənirdi. Həmişə olduğu kimi, Məşədi Mirzənin mərəyindən saman qurtarmırdı.
Qonşu Məşədi Həşimin tayasından saman lap azalmasına baxmayaraq qurtarmırdı. Əslində, Məşədi Həşim tayadakı samanı heç işlətmir, qohum-qonşunun gözündən pərdə asmaq üçün saxlamışdı. Hər gecə saman səbətini götürüb qonşusu Məşədi Mirzənin mərəyinə gələr və deyərmiş:
– Əssalaməleykum, ey Məşədi Mirzə, sizdən iki səbət saman borc aparmağa gəlmişəm.
Sonra da özü-özünə cavab verərmiş:
– Buyur, ay Məşədi Həşim, o nə sözdü, nə qədər istəyirsən apar.
Beləcə, bir müddət Məşədi Mirzənin mərəyindən saman aparır.
Bir gün Məşədi Mirzə hiss eləyir ki, mərəkdəki saman xeyli azalıb. Qonşu Məşədi Həşimin tayasındakı saman isə necə var, eləcə durur. Şübhələnir. Gecənin birində mərəkdə gizlənir. Gecənin bir vaxtı bir də görür ki, qonşusu Məşədi Həşim çiynində boş saman səbəti ilə mərəyə girdi. Öz-özünə danışmağa başaldı:
– Əssalaməleykum, ey Məşədi Mirzə, sizdən iki səbət saman borc aparmağa gəlmişəm. İnşallah, ölmədən borcunu qaytarmaq nəsib olar.
Sonra öz-özünə cavab verir:
– Buyur, ay Məşədi Həşim, o nə sözdü? Nə qədər istəyirsən apar.
Səbəti doldurub kürəyinə qaldırmaq istəyəndə Məşədi Mirzə gizləndiyi qaranlıqdan çıxıb səbəti Məşədi Həşimin kürəyinə qaldırıb yola salır.