Məzmuna keç

Samavar (Aşıq Musa)

Vikimənbə saytından
Samavar
Müəllif: Aşıq Musa

Mən səni çox sevirəm,
Bilirsən halım, samavar!
Bir əyləş məclisimdə,
Cahü cəlalım, samavar!
Dağılsın qüssə, qəmim,
Dərdü məlalım, samavar!
Həmi taxtım, həmi baxtım,
Həmi iqbalım samavar!

İçindədir abu ataş,
Hamı durub tamaşana.
Çoxlarına mehribansan,
Odur gəlirsən xoşuma.
Bir istəkan çay verməsən,
Ağlım gələrmi başıma!?
Min tümən gəlirim olsa,
Çaşar xəyalım, samavar!

Başında durub çaynikin,
Ətrafında var istəkan.
Özü xasdı, bölməsi xas,
Bir nişanı zər istəkan
Saz çalım, məclisimdə
Gəzdirsin dilbər istəkan.
Bəlkə, bir az şəfa tapa
Bu xəstə canım, samavar!

Samavarım, sən coşanda,
Ətrafında yar dolanır.
Özü zər, libası zər,
Qəddi qələmkar dolanır.
Çox çəkir o zəhmətin,
Buxağında tər dolanır.
Bundan artıq söz deməyə
Yoxdu kamalım, samavar!

Bil ki, sənsiz gün keçirməz
Hər kəsin ki, ilacı ar.
Padişahdan bəyə kimi
Hamının ehtiyacı var.
Samavar dövranın açıb,
Görün necə xəracı var.
Mən sənə peşkaş elərəm
Dövlətü malım, samavar!

Musa tərifini deyir,
Eşidən gəlsin bəhsinə.
Qumru kimi zikr elərsən
Valeh olmuşam səsinə.
Çirkinlər xəcalət çəksin,
Gəlməsinlər məclisinə.
Qoy sənə qulluq eləsin
Bir gözəl xanım, samavar!