Sanei-qüdrətdən siyəb xalların

Vikimənbə saytından
Jump to navigation Jump to search
Sanei-qüdrətdən siyəb xalların
Müəllif: Əndəlib Qaracadaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Sanei-qüdrətdən siyəb xalların,
Arizində nə zindanə duşübdür.
Birisi həbəşdir, birisi hindu,
Bəd əməllər xoş məkanə düşübdür.
Əzizim, nə məkani,
Dehqanın nəm əkani,
Eşqinin avarəsi,
Nə yeri, nə məkani?
Aşiq ilen əvvəldən,
Yediyin nəmək hani?

Pərtovi-cəmalın oldu münəvvər,
Təəccüb eylərəm, Allahü-əkbər!
Mehri-rüxsarindən xurşidi-ənvər .
Bir zərrədir asimanə düşübdür.
Əzizim, asimanə,
Zülf üzdən asma yenə.
Verməz fələk hərifi
Şah-cənnət asi mənə.
Həsrətindən fəğanim
Çulğaşıb asimanə.

Qaşların fitnədir, gözlərin cadu,
Xədəngi-müjganın mənə tutdu ru.
Gəlib can almağa kafəri-bədxu,
Ver nəsihət, bəd gümanə düşübdür.
Əzizim bu gümani,
Dərs oxu begu məni,
Fərağında könlümün,
Yox idi bu gümani
Çəkməz hüsnün surətin,
Gəlsə iki yüz Mani.

Hərami gözlərin salıbdır cəngi,
Yay qaşların müjgan olub xədəngi.
Çapdı ingilisi, rumi, firəngi,
İndi fikri İrəvanə düşübdür.
Əzizim İrəvani,
Həccdən İrəvani,
Nə zülm oldu, görmədin
Aşiqə irəvani!
Az qalıb gözüm yaşı
Yıxa, gəl, İrəvani.

Şöleyi-ahimdən tutuşdu aləm,
Nə səbəbdən sənə yetmədi naləm?
Əndəlibəm, şükr eylərəm dəmadəm,
Həsrət gözüm gülüstanə düşübdür.
Əzizim gülüstani,
Oxudum "Gülüstan"i,
Gülşəni-hüsnün görən
İstəməz gülüstani.
Səndə olan lətafət
Bax gör, gül üstə hani?