Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq
Görünüş
Saqiyə, mey sun ki, dami-qəmdürür huşyarlıq Müəllif: Məhəmməd Füzuli |
Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,
Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə
Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq.
Can mətainin, bəhasidir nə kim, dövran verir,
Türfə bu kim, sanıram şəfqətdir ol qəddarlıq.
Məndən axir çün qılır bizarlıq əsbabi-dəhr,
Dəhr əsbabından ol yey kim, qılam bizarlıq.
Təneyi-əğyar çəkməkdir işim bir yar üçün
Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq.
Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib
Kim, deyil sən bildiyin, mən çəkdiyim bimarlıq.
Ey Füzuli, eylərəm qəti-təəllüq yardən,
Bu təriq içrə mənə tövfiq edərsə yarlıq.