Məzmuna keç

Sarı Aşıq (rəvayət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sarı Aşıq
Müəllif: Şifahi xalq ədəbiyyatı


Maqsudlu kəndində oğulsuz-uşaqsız bir kişi varmış. Tərəkəmələr arandan gəlib dağa gedəndə onun evinə düşərmiş. Bir gün bir tərəkəmə kişiyə deyir ki, uşağın olmasa, bir də bu evə ayaq basmayacayıq. Kişi bu sözdən çox pərt olur.

Ay keçir, il dolanır, tərəkəmələrin yaylağa qalxmaq vaxtı yaxınlaşır. Kişinin arvadı çıxır uca bir yerə, görür ki, budur, tərəkəmələr gəlir. Götürür həyətdəki bitili bir ağacdan yüyrük asır. Yüyrüyün içinə çəltik dibəyi qoyur, üstünü örtür. Tərəkəmələr gəlib ağacdan asılan yüyrüyü görürlər, sevinirlər ki, ev sahibinin uşağı olub. Kişiyə gözaydınlığı verib, keçirlər içəri. Bir az keçəndən sonra görürlər uşaq səsi gəlir. Ev sahibinin arvadına deyirlər ki, uşaq ağlayır, niyə gedib götürmürsən?

Arvad bir az da ağır tərpənəndə qonaqlar özləri çıxırlar çölə. Arvad da onlarla çıxır. Baxıb görürlər ki, beşikdə sarı bir uşaq var, ağlayır. Sən demə, ilahinin əmriylə çəltik dibəyi dönüb olub uşaq, Uşağın adını Sarı qoyurlar. Uşaq böyüyüb haqq aşığı olur. Ona Sarı Aşıq deyirlər.