Sarı gəl, sarı
Görünüş
Sarı gəl, sarı Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Başına döndüyüm, alagöz Pəri!
İnsaf eylə bizə sarı gəl, sarı.
Leyli-nahar1 həsrətini çəkməkdən,
Gül rəngim olubdu sarı, gəl, sarı.
Səninlə gedərdim Təbrizdə bağa,
Qışda ağ otağa, yayda yaylağa,
İndi mən öləndə özün bük ağa,
Zülfünə tabutum sarı, gəl, sarı.
Canım qurban olsun həmişə mərdə,
Ay yaradan, fürsət vermə namərdə!
Abbası salıbsan bulunmaz dərdə,
Dərmanı özündə sarı, gəl, sarı.