Sayılam, məni

Vikimənbə saytından
Sayılam, məni
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Başına döndüyüm, ay tеlli sənəm,
Qovma dərgahından, sayılam, məni!
Ölləm bu dərd ilə, mən dirilmərəm,
Çalıb zülfün kimi say ilan məni.

Tifil fəğan еylər şirin yolunda,
Rübah dura bilməz şirin yolunda.
Ölsəm Fərhad kimi Şirin yolunda,
Adam sayar adam sayılan məni.

Ələsgər, səp dil mürgünə səğər dən,
Mövla məhəbbətin kəsməz sağ ərdən.
İnşallah, qurtarar nari-səğərdən
Mərhəməti – “ayın”, sayı “lam” məni.