Selləmə
Görünüş
Selləmə (10.05.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Dağ başında dayanıb daşları çox helləmə sən,
Dağdanıbsan uca dağdan nə əcəb selləmə sən?
Fil deyilsən ki, uçurdub daşı dağdan enəsən,
Özünü maskalayıb yan – yörəni felləmə sən!
Barmağımdan yapışıb guya ki dostluq elədin,
Qolumu qarmalayıb çıxmadasan kəlləmə sən.
Çox eşitdim ki, səni həlləmü qəlləm dedilər,
Həlləmi tərk eləyib keçdin axır qəlləmə sən.
Bir zaman xeyli baxıb tilsimə saldın canımı,
Daha tilsim də sınıb, gözlərini zilləmə sən.
Bel əyildikcə başın məhsulu artıq olacaq,
Verə bilməz ki səmər, bağça-bağı belləməsən.
Deyəsən, Teymur, axı yelli gedirsən, ayıq ol:
Soyuq olmaz başına, çox özünü yelləməsən.