Sevdiyim (Aşıq Ömər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sevdiyim (Aşıq Ömər)
Müəllif: Aşıq Ömər
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sallana-sallana nərdən gəlirsən?
Nədir məsləhətin, işin sevdiyim?
Qaldır niqabını görüm üzünü
Ağzının içində dişin sevdiyim.

Ağacın çürüyü özündən olur,
İyidin kötüsü sözündən olur,
El üçün ağlayan gözündən olur,
Ağlama, ey gözün yaşın sevdiyim.

Dan ulduzu kimi parladın, çıxdın
Vücudum şəhrini odlara yaxdın.
Cənnəti-əladan yenimi çıxdın?
Al vəlvəli yaşıl başın sevdiyim.

Sən qərib Ömərin nazlı yarısan
Etdiklərindən də peşman olarsan.
Dünya sənə qalmaz, bir gün ölərsən
Məzarın üstündə daşın sevdiyim.