Sevdiyim (Aşıq Qəhrəman)
Sevdiyim Müəllif: Aşıq Qəhrəman |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.43-44; ISBN 978-9952-571-42-4 |
Məndən uzaq gəzən Zərnişan xanım,
Eləmə bəxtimi qara,sevdiyim.
Sənə qurban olsun bu şirin canım,
Vurma ürəyimə yara,sevdiyim.
Kirpiklərin cəllad, gözlərin yağı,
Çəkirsən qəlbimə düyünü,dağı.
Qoynunda behiştin o gözəl bağı,
Vermə qızılgülü xara,sevdiyim.
Qoymadın hüsnünə baxıb qanam mən,
Necə qıydın, bu odlara yanam mən,
Səndən dönməm, əyri telli sonam mən,
Eylə bu dərdimə çara,sevdiyim.
Əllərindən dolu badə içmişəm,
Yar yolunda bu canımdan keçmişəm,
Gözəllər içində səni seçmişəm,
Məni atma sən kənara,sevdiyim.
Bizim bağda sallamban gəz gözəl,
İnci, sədəf ağ buxağa düz gözəl,
Məclisimdə sağa, sola süz gözəl,
Salma məni qəm-qubara, sevdiyim.
Mən nələr çəkmişəm yar, səndən ötrü,
Bülbül fəqan eylər çəməndən ötrü,
Sən də bir şövqə gəl qiz, məndən ötrü,
Çəkmə aşığını dara, sevdiyim.
Səndən ayrı necə dözər Qəhrəman,
Qaşına, gözünə olubdu heyran.
Gen gəzmə dostundan, sevdalı ceyran,
Mənlə yaxın olsun ara, sevdiyim.