Sevgilim
Görünüş
Sevgilim Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Gecə-gündüz həsrətini çəkməkdən
Günümü eylədim qara, sevgilim,
İnsaf eləmədin, mürvət etmədin,
Çəkdirdin sən məni dara, sevgilim.
Bir dərdim var yar əlində çarası,
Dərmanımdır iki qolun arası,
Biri alma, biri heyva parası,
Həsrət qoyma şirin nara, sevgilim.
Gözün cəllad, kipriklərin kamandır,
Vüsalından ayrı düşmək yamandır,
Bir busə ver, ləblərindən amandır,
Ciyər oldu para-para, sevgilim.
Mehman olub otağında yatmadım,
Ov bərədən keçdi oxu atmadım,
Bilal deyər, vüsalına çatmadım,
Qismət olma sitəmkara, sevgilim.