Sevilmək bacarıqdır, əsil insan olmaqdır

Vikimənbə saytından
Sevilmək bacarıqdır, əsil insan olmaqdır! (1995)
Müəllif: RAUF CAVAD

Dünya küllən məndədir, sözlərdə ahəngdədir!
Necə istərsəm həyatı, min bir cür rəngdədir!

Dünya kimədir zindan, qandalı qollardadır,
Qıfıl iç dünyada, açar, azad yollardadır!

Aləmlər büsbütün beynimdə, Həqq əqlimdədir,
Şirin söhbət gözlərdə, məhəbbət qəlbimdədir!

Aləmlər mənə dardır, çün Sevgi nəfsə yardır,
Gözəl məna Həqq Mənadır, Hünər Bayraqdardır!

Həyatın sirri qəlbdədir, düzgünlük əməldir,
Yaxşılıq əlimdə, gözəl istək, ilk təməldir!

Həqiqətin əsli, nəqlimdə, sirr düşüncədir,
Mərifət əhli olmaq, mükəmməl dərəcədir!

Qiymət verər ölçər dəyəri, Həqq, Ədalətdir,
Nizam, qurar aləmdə intizam, Mərifətdir!

Həyatda Həqqi qanmaq, gerçəyi anlamaqdır!
Sevilmək bacarıqdır, əsil insan olmaqdır!

Sevmək cismən, eşq ölməkdir, qismən dirilməkdir,
Həyata güc verən ümiddir, arzu-diləkdir!

Rauf, dünya fanidir, həyat bir an anidir,
Aləmi dərk etməyən küt-cahil, kor canidir!
            ...Müəllif:Rauf Cavad