Məzmuna keç

Sinəzən

Vikimənbə saytından
Sinəzən
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Çək xəncərini, baş-qulağın qan eyləyib yar,
Vəhşiyyətini aləmə elan eyləyib yar,
Kirdanına hər milləti xəndan eyləyib yar,
Yar, yarmağına canını qurban eyləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

On gün gecə-gündüz hamını dəngəsər eylə,
Şaxsey de, çığır, vur başına, xalqı kar eylə,
Nə kəsbinə bax, iş-gücünə nə nəzər eylə,
Hər şamü səhər naləvü əfğan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Fürsət ki, düşübdür əlinə eyləmə qəflət,
Çal başına xəncər, eylə izhari-rəşadət,
Sal hay-küyü, hər yerdə qopart şuri-qiyamət,
Hər ermənini, rusi hərasan eyləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Məsciddə çığır, vur döşünə, ortada fırran,
Çığ-vığ sal uşaqlar kimi, iç qəhvəvü qəlyan,
Mənbərdə çıxıb, molla desin min cürə böhtan,
Sən göz yaşını dərdinə dərman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Yarsan başını feyzü səadət qazanarsan,
Huşyar ol, aman, yoxsa cəhənnəmdə yanarsan,
Eyb etməz əgər evdə yarandan uzanarsan,
Allah sənə bu feyzdir, ehsan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Vay olsun əgər etməmisən bir kəsə təqlid,
Təqlidi olan kimsələrə vardı bu təkid:
Gər istəyəsən olmayasan həşridə nomid,
Fazil sənə baş yarmağı ehsan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Yorğan-döşəyə düşməyini tutma nəzərdə,
Səndən ötürü fəxridir ölmək belə yerdə,
Bər gordanı çal kəllənə, ta fovri gəbərdə,
Çoxdursa günahın, bunu ünvan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Vursan başına sidq ilə gər bir neçə zərbət,
Dərk eyləyəcəksən, bilirəm, feyzi-şəhadət,
Ey kaş, müyəssər ola dünyada bu nemət,
Bu şövq ilə öz qəlbini şadyan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Ləcbazlıq elə, dəstəni çək gündə Şəhabə,[1]
Vur sinəni çak eylə, yetiş ocrü səvabə,
Qatlaş gecələr bu soyuğa, döz bu əzabə,
Dərbəndli sənə yaxşıca divan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Çırtdır başım hər nə qədər körpə çocuq var,
Qoy adətə düşsün, sora yarsın özü naçar,
Nəzr et bu səvab işləri, ey mömüni-dindar,
Hər il bu məhərrəm genə peyman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Doldur cibini, çakəri lap eylə qudurğan,
Nə din tanısın, yol, nə də ki, anlasın insan,
Söysün sizi hər yerdə, desin min cürə hədyan,
Sen baxma ona, görmə nə tüğyan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Sal məscidə min vəlveleyi-şuri-nəvanı,
Hər mollaya bir pullu toy et, soy füqəranı,
Eyşlə, məhərrəm yetişib, başla bükanı,
Xaliq səni xoşbəxt bir insan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
 
Sən baxma Mərakeş bölünüb dərbədər oldu,
Türkiyədə, İranda, düşünmə, nələr oldu,
Fikr etmə Tərablis necə zirü zəbər oldu,
Başdan bu xəyalatı pərişan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

  • "Molla Nəsrəddin", 18 dekabr 1911. N 45

Qeydlər

[redaktə]
  1. Naxçıvanda mehellə adıdır.