Məzmuna keç

Sinif yoldaşım Qulamın uca şəhidlik zirvəsi

Vikimənbə saytından
Sinif yoldaşım Qulamın uca şəhidlik zirvəsi (2022)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan", № 43 (470), 18 noyabr 2022. səh.9

1973-cü il doğumlu olanlar Birinci Qarabağ müharibəsində ən çox şəhid olanlar hesab edilir. Mənim də bu kateqoriyadan olan altı sinif yoldaşım şəhid olub. Sinifimizdən və eləcə də doğulduğumuz Yeni Daşkənd kəndindən ilk şəhid Yasif oldu. Sonra Mehdi, Ziya, Qulam, Rəşadət və Elçin şəhidlik zirvəsinə ucaldılar. Əgər yaşasaydı (əslində şəhidlər ölmürlər) bu günlərdə Qulamın 50 yaşı olacaqdı.
Qulam Əkbər oğlu Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulmuşdu. Bu o kənddir ki, əhalisi hələ 1953-cü ildə Göyçə mahalının Daşkənd kəndindən erməni şovinistləri tərəfindən deportasiya olunmuşdu. Qulamla bərabər 1980-1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində bir sinifdə oxuduq. Mən yaxşı, Qulam isə nisbətən zəif oxuyan şagird idi. Amma nə biləydik ki, Qulam tarix oxumasa da, özü tarix yazacaq. Ondan söz düşəndə uşaqlığımızı xatırlayır, ağrısız-acısız illərimizi göz önünə gətirirəm. O boydan balaca, dolu bədənli, qara, suyu şirin bir oğlan idi. Ailələri də nisbətən kasıb idilər. Evləri düz məktəbin yanındaydı. Üç qardaşın kiçiyi idi. Anaları Reyvə xala onları əzizləyə-əzizləyə, çətinliklərə sinə gərərək böyüdərdi. İbtidai sinif müəllimimiz rəhmətlik Adilə müəllimə idi. O, şagirdlərini çox sevər, bəzən evdən gətirdiyi şirin bulkanı şagirdlərinə paylayardı. Adilə müəllimə Qulama daha çox qayğı göstərər, onu daha çox əzizləyərdi. Elə sinif yoldaşları olan bizlər də ona sonsuz məhəbbətlə yanaşardıq. Sanki bilirikmiş ki, Qulam böyüyəndə igid bir döyüşçü olacaq. Qarabağda qəhrəmanlıq göstərəcək, adı dillərdə dastan olacaq.
Biz orta məktəbi bitirəndə mən instituta, Qulam isə həqiqi hərbi xidmətə yollandı. O, 1990-1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusu sıralarında xidmət etdi. Müstəqillikdən sonra Qulam vətənə qayıdaraq 10 may 1991-ci ildən Milli Ordu sıralarında xidmətə başladı. 1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etdi. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərirdi. Sonralar Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taboruna dəyişdirildi. O həm qumbaraatan, həm də avtomatçı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı oldu. Dəfələrlə düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi. Səsi-sorağı həmişə adamı qürurlandırırdı. Hərdən kəndə gələndə cəbhədən, ordumuzun şücaətindən elə gözəl hadisələr danışırdı ki, ona qulaq asan neçə-neçə gənclər orduya könüllü qoşulur, onlar da Qulam kimi igid olmaq, düşmənə qan uddurmaq istəyirdilər.
Qulamın döyüşçü yoldaşları onun qəhrəmanlığından hər zaman ağızdolusu danışırlar. 2012-ci ildə Yasif haqqında kitab hazırlayarkən sinif yoldaşlarım, həm də Qulamla Yasifin döyüşçü yoldaşları, qazilər Aqil və Elmirlə görüşüb onlardan müsahibə alırdım. Onda Aqil Əliyev belə bir söhbət etdi: “Araz, gənc olmasına baxmayaraq Qulam peşəkar hərbçi kimi diqqətli idi. Qulam, Yasif, mən və taborumuzun başqa əsgərləri 1992-ci il avqustun 20-də Kasabetdən Drambon istiqamətinə döyüş mövqeyinə gedəndə Qulam uzaqdakı dağın döşündə bir neçə erməni görmüşdü. Onları qrantamyotla vurmaq istəsə də zabitlərimiz qoymadı ki, 3-4 ermənidi, bəlkə də bizimkilərdi, vurmaq olmaz. Sən demə elə Qulam düz duyubmuş, onlar erməni imiş. Qabağa da onlar xəbər verirlərmiş ki, Azərbaycan döyüşçüləri gəlir. İki gün sonra onlar bizi elə gülləbəran etdilər ki, gözümüzü aça bilmədik. Mən yaralandım, Yasif isə həmin döyüşlərdə şəhid oldu.”
Sonralar Qulamın xidmət etdiyi tabor Laçına göndərildi. Orada da qanlı döyüşlərin iştirakçısı oldu. Laçından sonra Qulam Qədirovun xidmət etdiyi 5-ci Bərdə taboru Kəlbəcər döyüşlərində vuruşurdu. Onlar Meydançay əməliyyatından sonra uğurlu Qızılqaya əməliyyatını da keçirir. Sonuncu döyüş zamanı qardaşı Rizvan Qasımov yaralanır, səhəri günü – 19 yanvar 1994-cü ildə isə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşdə Qulam Qədirov şəhid olur.
Qulam Qanlı Yanvar şəhidlərinin dördüncü ildönümü, anım günündə doğulduğu Yeni Daşkənd kəndində dəfn olundu. Onun da ruhu azadlıq şəhidlərinin ruhuna qovuşdu. Elə o da Vətənin azadlığı, müstəqilliyi uğrunda gedən haqq davamızda şəhid oldu. Qulamın dəfni çox izdihamlı olmuşdu. Onun şəhid olduğunu eşidib-bilən hər kəs dəfndə iştirak etmək üçün Yeni Daşkənd kəndinə axışırdı. Dəfn zamanı kənd ağsaqqalları Fəzi Kərimov, Mehdi Hacıyev, Novruz Musayev, Molla Əmirxan, Sərraf Şiruyə geniş nitq söylədilər. Qulamın necə bir döyüşçü olduğundan, onun döyüş yolundan, qəhrəmanlığından söz açdılar.
Şəhid Yasif Kərimovun atası Fəzi kişi Qulam haqqında dedi: “Bizim Daşkəndin şəhidləri namusla, qeyrətlə Tərtərdən yuxarı düz Vəngə kimi döyüş yolu keçdilər. Erməniləri məğlub edə-edə getdilər. Çox qəhrəmanlıqlar, şücaətlər göstərdilər. Hamı onu bilməlidi ki, Qulam bizim şəhidlərin qanını beş dəfə artıqlaması ilə alıb. O, kəndimizin fəxridi. Mən hərbçilərdən soruşub öyrənmişəm, dəqiq bilirəm ki, Qulam düz 131 nəfər düşmən öldürüb. Biz və bizdən sonra da nəvə-nəticələrimiz Qulam Qədirovu öz xatirələrində, ürəklərində saxlamalıdı. Bu günkü günü Bakıda əliyalın 20 yanvar şəhidləri də öz canlarını fəda etmişdi. Onlar dörd il əvvəl tankın qabağına çıxdılar, azadlıq əldə etdilər. Bizim xalq dönməz, cəsarətli xalqdı ki, düşmənlə mübarizə aparır. Torpaqlarımızın bir qismi əldən getsə də inşallah ki, o torpaqları azad edəcəyik, qaçqınlar da öz yurd-yuvalarına qayıdacaqlar. Allah şəhidlərə rəhmət, orduda qalan əsgərlərin canını sağ eləsin”.
Sonra şair Sərraf Şiruyə şəhid Qulam Qədirova ithaf etdiyi şeirini söylədi:

Qeyrətin bir elə baş ucalığı,
Cürətin düşmənə heyrət gətirdi.
Hünərin vətənə zəfər sorağı,
Məzarın torpağa ziynət gətirdi.

Vətən harayladı – ümid, inamım,
Torpaq harayladı, – gəl qəhrəmanım.
Hər döyüş addımın, igid Qulamım,
Böyük bir mahala şöhrət gətirdi.

Sən ölmədin, sən ölümü öldürdün,
Bu millətin qüdrətini bildirdin.
Düşmənlərə çox zərbələr endirdin,
Qeyrətin bu elə şəfqət gətirdi.

Qulamın döyüşçü yoldaşları onun məzarı başında yaylım atəşi açıb onun qisasını alacaqlarına and içdilər.
Qulam Qədirovun 50 illik yubileyi 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü günlərinə təsadüf edir. İndi Qulam və minlərlə digər şəhidlərimizin ruhu şaddır. Çünki, canlarını fəda etmiş şəhidlərin qanı tökülən torpaqlarımız azaddır. Ruhunuz şad olsun, əziz və unudulmaz şəhidlərimiz. Amin!