Məzmuna keç

Sirlər xəzinəsi/Əsərin bitməsi

Vikimənbə saytından
İyirminci söhbət Əsərin bitməsi
Müəllif: Nizami Gəncəvi


Gülsün üzə səhərin, ey Ütarid, yenə də,
Əldən düşdüm qələmtək — sənsən varid yenə də.
Öc aldırıb fələkdən mənə sözlə qələmim,
Vurub əlvan naxışlar yenə sözlə qələmim.
Ərinməmiş bir almaz qoymadım da daha mən,
Almaz bıçaq düzəltdim töhfə deyə şaha mən.
Ovxar verə bilmədim hələ odlu qılınca,
Odlu kürəm dar idi elə odlu qılınca.
Əgər olsa taleyim çoxlarıtək yar mənə,
Bircə bıçaq düzəltmək gələrdimi ar mənə?
Günahkaram yolumdan görən varsa azmışam,
Varaqları korlayıb, cızmaqara yazmışam.
Çadırdadır gözəllər, — üzləri nə güləndir,
Ömrün neçə səhəri üzlərinə güləndir.
Qaxacları yandırıb, əmlikləri şişə çək,
Tüstü udma, quzunun kababını dişə çək.
Əsərimi təmkinlə oxumağa çalış sən,
Düşündükcə, fikirdən, düşüncədən alış sən.
Hansı sözü ədəbdən kənar deyər gözünə,
Poz ki onu yazan kəs əhsən deyər özünə.
Müdrikliyin bayrağı deyilsə də əsərim,
Yaşatmasın adımı heç bir vədə əsərim.
Ürəyimin qanıyla, bil ki, yazdım onu mən,
Eldən-elə yoxsa ki, yollamazdı onu mən.
Şairliyim saxlayıb dustaq kimi Gəncədə,
Mənəm indi dünyanın söz hakimi Gəncədə.
Dövran dedi: "Torpaqsan? Tərpən görək yerindən.
Torpaq kimi tərpədə təkan gərək yerindən?"
Dedim: "Bakir söz qızı ar libası geyinsin,
Qamətinə don hanı? Var libası, geyinsin?!
Can köynəyi çatır ki, örtə də hər dizini?
Dizi üstə oturub — görməsinlər dizini,
Yeni libas bəzəsin gül əndamı, hüsnünu,
Utanmasın duranda, süzsün hamı hüsnünü.
Qoca, cavan hüsnünə bir heyrandır dünyada,
Umacağım, qazancım şərəf-şandır dünyada.
Aləm axıb üstünə, qızıl sayan hardadır?
Bazar kasad bazardır, qiymət qoyan hardadır?
Boğazımı gör necə düyünləyibdi Gəncə,
Yoxsa, İraq xəznəsi mənim olardı, məncə.
Aləm deyir: "Övladsan sən dünyaya, Nizami,
Sığışmazsan Gəncədə gen dünyaya, Nizami".
Şükür, yazdım ilhamım daşa-daşa əsəri,
Ömrü başa vurmamış vurdum başa əsəri.
Mümkünmüdür zinətsiz qoyam, haşa, onu mən?
Qərq etmişəm gövhərə başdan-başa onu mən.
Mübarəkdir səpdiyim belə baha incilər,
Comərddir ki, layiqdir elə şaha incilər.
Çox gəlibdir cövlana söz mülkündə söz quşu,
Cilvələnib tavuztək öz mülkündə söz quşu.
Söz incimi sanmışam hər incidən baha mən,
"Sirlər xəzinəsi"ni tamamladım daha mən.
Hansı ayda, ildəcə deyim necə qurtarıb,
O, payızın iyirmi dördündəcə qurtarıb.
Sanma hicri tarixi yaddan itən olubdur,
Beş yüz yetmiş ikinci ildə bitən olubdur.