Məzmuna keç

Sirlər xəzinəsi/Minacat

Vikimənbə saytından
Nət Minacat
Müəllif: Nizami Gəncəvi
Sonuncu peyğəmbərin şəninə

Sən, ey bütün varlığa həyat verən, can verən!
Gildən yaranmışlara nəfəs verən, qan verən!
Bayrağın altındadır, ulu tanrı, xilqətin,
Biz səninlə mətinik, sənsə əzəldən mətin.
Mümkünmüdür bənzədək varlığını bir şeyə?
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.
Dəyişməyən özünsən bu sonsuz kainatda,
Ölməzliyin timsalı varlığındır həyatda.
Biz hamımız faniyik, əbədiyyət sənindir,
Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.
Hökmünlə, fərmanınla dolandırırsan yeri.
Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri.
Donqar, qozbel fələyi sən gətirdin dövrana,
Vücudun qazanında duz qatdın duzsuz cana.
Fitrətin səkil göydə yaratsa əks-səda.
Səndən başqa kim deyər: "Allah, mənəm" dünyada.
Sən olmasan, gəlməzdi eşqin quşu pərvaza;
Mehraba uyan aşiq uymaz ki, işvə-naza.
Dünya qalan zamandan kərəminin selində,
Yer üzünü inlədir ağır yükü belində.
Kərəm beldən gəlməsə, görsə köməksizdi yer,
Çoxdan qarnı cırıqdı, çoxdan göbəksizdi yer.
Səcdə həmayilini kim deməz: mən taxaram,
Səndən başqa varlığa səcdə haramdır, haram.
Səndən danışmayanda susa bilmək yaxşıdır.
Sənsiz yada nə düşsə yaddan silmək yaxşıdır.
Nur camından nur içər gecənin saqisi Ay,
Səhərin qumruları damında salar haray
Təklikdə görün gözə, aç üzdən pərdəni sən,
Qurtar gün camalınla bu zülmətdən məni sən.
Gücün gucsüz fələyi təzələsin yenidən,
Dünyanın kələfini çözələsin yenidən.
Poz belə bir dövranın xeyirlə şər işini,
Dağıt səyyarələrin seyrini, gərdişini.
Kəs dillərin sözünü, kəs dillərin özünü,
Əzəlki fənalığa qaytar yerin özünü.
Zülmət aşiqlərini işıqsız zülmətə at.
Cavahirə uyanlar görməsin cavahirat.
Altıbucaqlı taxtı devir, yıx əməlinlə,
Uçsun doqquz pilləli minbər fələk əlinlə
Yerdə gilə qarışsın ayın nurlu haləsi,
Sınsın Zühəl daşıyla Zöhrənin piyaləsi.
Gecənin həmayili ulduzları tök yerə.
Gecə gündüz quşları həsrət qalsın şəhpərə.
Gil-palçıq təpəsini kürü yerin üzündən,
Bir kərpic qəlibi də yayınmasın gözündən.
Asimanın alnından gecənin tozunu al.
Ucalmağa tapmasın Cəbhə, Əxbiyə macal.
Yeni varlıq yaratmaq düşsə də öz öhdənə,
Əvvəlki yoxluğuna varlığı qaytar, yenə.
Dünyanın nizamını yenidən qur, təzələ.
Çarxı qütbün başına dönməkdən azad elə.
Suyunla zülm odunu söndür yer üzündə sən,
Torpağı yelə tapşır sehranda, düzündə sən.
Münəccim kitabını yandırıb qora döndər,
Münəccim səcdə qılan kahini kora döndər.
Bürcündən çıxar ayı, qoy yersiz qalsın hilal,
Bu pərdəni götür ki, boşa çıxsın boş xəyal.
Tanrının varlığına olmaz onda sözləri,
Yoxluğa məhkumluğa şahid olar özləri.
Qəzəbinə gələsi çoxdur aramızda, çox.
Gileyli, şikayətçi yoxdur aramızda, yox.
Kimin qanını töksən, halaldır qanı sənə,
Sən kimi dara çəksən, qurbandır canı sənə.
Qəlbi ağlın nuruyla döndərmisən qəndilə.
Şirin-şirin danışmaq öyrətmisən sən dilə.
Hökmünlə vaxt olar ki, uzanar da gecələr,
İşıqlı gündüzünü qoymaz darda gecələr.
Sənsən qütbə mətanət, çarxa dövran, hərəkət.
Varlıq bağı suyundan alıb bəhər, bərəkət.
Qönçə açıb ağzını deyir ki: kölənəm mən.
Gülün canı olsam da, sənsiz tez ölənəm mən.
Nəsimdən xumar deyil nəstərəni bu bağın,
Gözünə tutiyatək işıq verib torpağın.
Şölə saçan çırağa döndərmisən süsəni,
Dil açıb, öz dilində alqışlayır o səni.
Nizami vəhdətinin carçısı bir bəndədir,
Hər iki dünyada da nicat gözü səndədir.
Düşüncə dünyasını hünərlə abad eylə,
Boynunu qəm yükündən ömürlük azad eylə.
Sən, ey bəşər yox ikən, əzəl gündən var olan.
Sən - əbədi qalansan, biz - torpaq, qubar olan.
Dövran özü yəhərlər mindiyin kəhərini.
Yeddi fələk çiynində gəzdirər yəhərini.
Dərbədər dolanaraq "pənah ol" deyənik biz,
Qapının halqasıtək qapını döyənik biz.
Nəğmə səsi, ney səsi qoy yayılsın hər yerə,
Könülaçan nəğməkar özünsən könüllərə.
Sorağınla nəsibdir sonsuz ümid, qorxu, dərd,
Günahları bağışla, sən ki, comərdsən, comərd!
Köməksiz biçarəyik, əlinlədir çarəmiz,
Sən də çarə qılmasan, kimdən umaq çarə biz?
Dağınla dağlanmışıq, - damğamız aşikara,
Yad damğalı tazıyla şahlar çıxmaz şikara.
Taleyimiz belədir, pozu yoxdur yazıya,
Sən bizi döndərmisən bir damğalı tazıya.
Aman, bu necə dildir, - qanad verib sözünə.
Ar bilir dinməyi də, susmağı da özünə.
Hardan qanad almışam? Bir belə uçmaq nədir?
Mən kiməm? Səcdə ilə torpağı qucmaq nədir?
Can necə bu dəryadan keçməyə yol tapıbdır?
Ürək necə belə bir çeşməyə yol tapıbdır?
Lal kimi heyrətdəyik, nə deyək dost-tanışa?
Allahı tanıyanın dili olmaz danışa.
Peşmanıq, yersiz sözlər çox çıxar dilimizdən,
Sənsə səxavətini gəl əsirgəmə bizdən.
Uça-uça gəlmişik bu, cəlallı dərgaha.
Qalıbdır ümidimiz, gümanımız allaha.
Həmdəm ol, ey dərdlinin hər dərdinə təsəlli.
Çarəsizə çarəsən, loğmanlığın da bəlli,
Köç gedib, biz qalmışıq, gəlmir zınqırov səsi,
Kimsəsizik, kimsəsən, kimsəsizlər kimsəsi!
Kimə pənah aparaq səndən başqa dünyada?
Pənah varmı sığınaq? Amandır, yetiş dada!
Yalnız öz dərgahındır bizim qibləgahımız,
Əgər sən də olmasan, kim olar pənahımız?!
Dərgahına əl açan varmıdır bizim qədər?!
Gözlərindən qan saçan varmıdır bizim qədər?!
Keçməsən - günahkarıq, bağışlasan - günahsız,
Pənah ol pənahsıza, qoy qalmayaq pənahsız.
Nizaminin adında şərəfli adın vardır,
Qulluğuna layiqsə, - cəlallı hökmdardır.
Alqışın nemətilə barındır, dilini aç,
Onun könül mülkünə şer-sənət nuru saç.