Sisianovun Cavad xana ikinci məktubu
Sisianovun Cavad xana ikinci məktubu Müəllif: Pavel Sisianov |
Həmçinin baxın: Haqqında • Mənbə: Azərbaycan tarixinə yeni baxış. Məhərrəm Zülfüqarlı. Bakı, 2007. |
Şəmkir, 29 noyabr 1803-cü il: "Gəncə torpağına qədəm basıb bu gəlişimin səbəblərini Sizə bildirirəm. Birincisi və başlıcası: Gəncə və onun ətrafı şahzadə Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Ümumrusiya imperiyası isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına aldığından onun parçalanmasına biganə qala bilməz. Allahın gücü və qüdrəti sayəsində yaranmış rus imperiyası heç vəclə Gürcüstanın ayrılmaz bir parçası olan Gəncəni yadların əlində qoymaz.
Ikincisi: Gürcüstana gələrkən yazdığım məktubuma (həmin məktubda oğlunuzu əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda yazırsınız ki, Iran padşahından ehtiyat edirsiniz. Lakin unudursunuz ki, altı il bundan əvvəl Siz Rusiyanın tabeliyindəydiniz və Gəncə qalasında şöhrətli Ümumrusiya ordusu dururdu.
Üçüncüsü: Adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmətiniz tərəfindən razı salınmamışdır.
Həmin üç səbəbə görə də mən öz ordumla gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan əvvəl etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri dava – dalaşsız təhvil verəsiniz. Sizdən ikicə söz tələb edirəm. Birin seçin: "hə", yaxud "yox". Yəni təslim olursuz, ya yox? Yəqin məlumdur ki, belə pis havada ordu götürüb buralara gəlmişiksə, deməli, innən belə heç bir müqavilə bağlanıla bilməz. Buna görə də Sizin təslim olmağınızı qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfükar padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiz.
Yox, imtina etsəniz, bəxtinizdən küsün. Vaxtilə Izmayıl, Varşava və bir çox digər şəhərlərin aqibəti belə olmuşdu. Sabah günortayadək cavab almasam, od – alov yağacaq. Gəncəyə qılınc və atəş gətirmişəm. Onda görəcəksiniz ki, sözümün üstündə necə dura bilirəm."