Solğun bənövşələr
Görünüş
Solğun bənövşələr[1] Müəllif: Hüseyn Cavid |
Bir müsamirə xatiratından.
Boynu bükük, ey öksüz mənəkşələr!
Ah nə çapuq saraldınız, soldunuz?
Nerdə o dünkü sevdalı nəşələr?
Nədən böylə həp pərişan oldunuz?
Şəfəqdən doğma ləbləri öpərkən,
Siz ki bəxtiyarca gülümsərdiniz.
Yoqsa o nurdan dökülmüş əllərdən
Ayrılınca, çiçəkləndi dərdiniz?
Gözəl, hər halınız gözəl... Daima
Xəstə gönlüm oqşar sizi, alqışlar;
Uf, nədənsə pək doqunur ruhuma
Vərəmli çöhrələr, məhzun baqışlar...
_____
- ↑ Orijinalda Solğun mənəkşələr