Sufinin xidmətçiyə ulağıma yaxşı qulluq et deyərək məsləhət verməsi
Sufinin xidmətçiyə ulağıma yaxşı qulluq et deyərək məsləhət verməsi Müəllif: Mövlana Cəlaləddin Rumi |
Bir sufi dolaşırdı, gəzirdi hər bir yanı,
Gecə xanəgahında edirdi o duanı.
Bir ulağı var idi, axurda ac durmuşdu,
Özü dost məclisinin başında oturmuşdu.
Öz məsləkdaşlarına qayğılar göstərirdi,
Məclisdə olan dostlar ona duyğu verirdi.
Sufilərin məclisi yalnız savad, söz deyil,
Ürəklərə sərinlik, sərin su, qar, buz deyil!
Alimləri yaradan, qələmi, əsəridir,
Sufiləri yaradan, nurlu qədəmləridir.
Həmçinin səyyad kimi ova tərəf qədəmlər,
Ahu qədəmin görər, təsirlənər o dəmlər.
Dəfələrlə rastlaşar, ahu addımlarına,
Ondan sonra, ahunun müşk ətri rəhbər ona.
Elə ki, addımlara şükr edər tama çatar?!
Sonuçda addımlardan dərs alıb, kama çatar!
Bir mənzil yol eyləmək, göbəyin ətri ilə,
Yüz mənzil addımlardan, təvafdan artıq belə.
Bircə dəfə zahidin şahını seyr etməsi,
Yaxşı arif seyrindən, çox olsa da getməsi.
Məhtablardan xəbərdar olan haman ürəklər,
«Futtihət əbvabha» dır, ariflərçin diləklər.
Səninlə divarsa da, onlarla bir dər kimi.
Səninlə daş kimisə əzizlərlə zər kimi.
Ayinədə gördüyün nə varsa tam aşikar,
Pirlər kərpicdə görər, səndən qabaq hər nə var.
Pirlər o şəxslərdir ki, aləm yaranmasında,
Onların ruhu vardı, yaranış dəryasında.
Bundan əvvəl yaşamış, canı ömrə vermişlər,
Əkdiklərindən çox-çox bəhrələr götürmüşlər.
Naxışdan daha artıq, canlar qəbul etmişlər,
Dəryadan daha artıq, dürrlər yonub getmişlər.