Sultanım (Koroğlu)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Sultanım
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Qoç quzudan quzu törər qoç olar,
Qoç igiddən qoçaq olar, sultanım!
Mərd igidlər dava günü şad olar,
Müxənnətlər naçaq olar, sultanım!

Canım qurban mərd igidin özünə,
Mərdi ölsə əlin vurmaz dizinə,
Fürsət düşsə düşmanının gözünə,
Burma-burma bıçaq olar, sultanım!

Mərd igidlər bir-birinə daldadı,
Çuğullar ölməyib, sağı-soldadı,
Mərd meydandan qaçmaz, qaçsa aldadı,
Qovğa günü haçaq olar, sultanım!