Surətin nəqşində könlüm, ey sənəm, heyran olur
Görünüş
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.225. |
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur,
Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
Kənzi-məxfidir sənin eşqin, yeri viran könül,
Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur.
Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün,
Qibləsi aşiqlərin bil, surəti-rəhman olur.
Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman,
Dilbərin cövrü cəfası aşiqə ehsan olur.
Mah-rüxsarın qatında kim ki, səcdə qılmadı,
Divi-məl’undur yəqin, anın adı şeytan olur.
Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman,
Zərxəridə qul isə, aləmlərə sultan olur.
Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol,
Kim ki, aldanmaz cahanda, müşkülü asan olur.