Məzmuna keç

Surətpərəstəm

Vikimənbə saytından
Surətpərəstəm (1918)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Bir şeir qoşmuşam dillərdə gəzir,
Uçub oba-oba ellərdə gəzir.
Könlüm Məcnun kimi çöllərdə gəzir,
O mənim şərqimdir, o mənim bəstəm,
Mən şeir aşiqi, mən sözpərəstəm!

Cananın buxağı dümağ, ağ ola,
Eşqi buludlarda, kefi çağ ola!
Dərdi nazü-qəmzə, canı sağ ola,
Mən çoxdan sərxoşam, mən çoxdan məstəm,
Gözəllik vurğunu, gözəlpərəstəm!

Bir şəkil çəkmişəm, dünyada təkdi,
Canlanıb ilk dağı sinəmə çəkdi.
Burdan gəlib keçən o qız mələkdi,
Mən söz ovçusuyam, söhbətpərestəm!
Mən üz dəlisiyəm, surətpərəstəm!

Mənim gördüyümü, Vaqif görməyib,
Mənim hördüyümü, Vaqif hörməyib.
Mənim dərdiyimi, Vaqif dərməyib,
İnci zərgəriyəm, naxışpərəstəm!
Mən göz xəstəsiyəm, baxışpərəstəm!

Kim deyir “düz gəzir”, “əyilməzəm mən
Dosta dost, yada yad “deyilməzəm mən”
Demirəm, poladam, “yiyilməzəm mən”;
Yarın qabağında lalam, şikəstəm,
Məhəbbət əsiri, sevgipərəstəm!

Sinəmdə yer tutub gözəllər bir-bir,
Sinəmdə bağ salıb, gəzərlər bir-bir
Sinəmi tapdalar, əzərlər bir-bir,
Çinaram, palıdam, sərv kimi şəstəm,
Aşiqəm, məşuqla sevdapərəstəm!

Ömrümü etmişəm bu yolda fəda,
Qoy gəlsin onlardan canıma qada!
Neyləyim birisi çatmayır dada;
Özümə yağıyam, özümə qəsdəm,
Leylisiz Məcnunam, Leylipərəstəm!

Onun dodağında gülüş görürəm,
Onun gözlərində öpüş görürəm.
Onun yerişində görüş görürəm;
Onların önündə acizəm, pəstəm,
Gülüş, öpüş, görüş, duruşpərəstəm!

... Bir gözəl sevmişdim altı yaşımdan...
Şəkili getməyib hələ başımdan!
O məndən utandı, mən göz yaşımdan...
Fars demiş, əzəldən “nistəm ki, nistəm”!
Mən ürkək, mən dəli ceyranpərəstəm!

Sevgi işığında gözüm qamaşır,
Xəyalım titrəyir, fikrim dolaşır.
Tanrım, o gözələ Cavad yaraşır;
Bu ilahi ziya, qüdrətpərəstəm!
Gözəl üz, gözəl göz, surətpərəstəm!!
SURƏTPƏRƏSTƏM!!!
Gəncə, 1918