Məzmuna keç

Susadı könlüm nigarın lə’li-ruhəfzasinə

Vikimənbə saytından
Susadı könlüm nigarın lə'li-ruhəfzasinə
Müəllif: İmadəddin Nəsimi

Susadı könlüm nigarın lə’li-ruhəfzasinə,
Talibi-şövqəm həbibin surəti-zibasinə.

Ey səba, uğraşdığınca şol xuraman sərvə tuş,
Məndən öp anın ayağın, səcdə qıl balasinə!

Gözləri sevdası aşiq canına qıldıqların
Ol bilir kim, aşiq olmuş nərgisi-şəhlasinə.

Eynini aç, eynimə bax, cümlə eynin eyniyəm,
Səd həzaran can fədadır eyninin sevdasinə.

Sorma sevdayilərin halin, təbibi-amə kim,
Düşməyən bilməz bu halə, gözləri sevdasinə.

Surəti, hüsnü cəmalı cümlə zibadır anın,
Hüsnünə qurban olayım, bəlkə sər ta pasinə.

Kim ki, zahir görmədi üzündə həqqin surətin,
Güzgüzü ari degildir, çarə qılsın pasinə.

Bibədəldir hüsn içində, lütf içində binəzir,
Vahidiyyət sabit oldu hüsni-bihəmtasinə.

Xırmanında hüsnünün gündür başaqçı ay ilə,
Utan, ey nisbət qılan, qaşi-hilalı dasinə.

Zahidin heç oldu zöhdü, heçə keçdi taəti,
Başladı yasinə, şimdi kimsə gəlməz yasinə.

Çərxi-nərradin nüquşin tərs oxur gözsüz fəqih,
Kə’bəteyni gör ki, atar hoqqabazın tasinə.

Ruhi-qüds oldu Nəsimi, cismini tərh eylədi,
Gövhəri-fərd oldu düşdü vəhdətin dəryasinə.