Məzmuna keç

Tövbə

Vikimənbə saytından
Tövbə
Müəllif: Cəfər Cabbarlı

Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Məni bu qəzetçi aldatdı, yolumdan azdım,
Öz əlimlə özümə çahi-bəlanı qazdım
Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım:
Olsa idim sizə tabe bu cürə olmazdıım.
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Siz deyən sözlər hamı doğrudur, indi qanıram,
Qanıram, sizdən uzaq olmağıma çox yanıram,
Hər nə mən sizlərə böhtan demişəmsə danıram;
Sizi bundan sonra mən sadiqi-dövran sanıram,
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Siz deyirdiz ki, nə lazım qızı insan bilmək,
Əşki-xunbarını ya şəfqət əlilə silmək,
Qızın hər bir işini Tanri salıbdır ilmək,
Onun hər rəncü əzabinə gərəkdir gülmək,
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Qızı döyməkliyə, söyməkliyə verdiz fərman,
Öldürün qızları, onlar ki, deyillər insan.
Buna mən şəkk eləyib etməyir idim iman,
İndi əlhəq qanıram, vardı sübutum əlan.
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Mən də bundan sonra zülm eyləyərəm nisvanə,
Deyərəm, öldürərəm, yəni gətirrəm canə.
Əzərəm baş-gözünü, baxmaram heç vicdanə
Tövbə... tövbə, yenə tövbə, gəlirəm imanə.
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.