Məzmuna keç

Tülkü, tülkü, tünbəki

Vikimənbə saytından
Tülkü, tülkü, tünbəki
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, görsün quşdan, cəmdəkdən bir şey taparmı, yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibinə bir parça ağappaq quyruq düşüb. Tülkü sevindiyindən oynamağa başladı. Uzun quyruğunu yerlə sürüyə-sürüyə bir xeyli oynadı. Sonra öz-özünə dedi: “Yaxşıca əlimə quyruq düşüb, onu yeməsəm, heç hara getməyəcəyəm”. Tülkünün ağzının suyu axmağa başladı. Elə bil quyruq çağırıb ona deyirdi: “Tülkü baba, gəl məni ye, tülkü baba, gəl məni ye”.

Tülkü baba özünü saxlaya bilməyib, quyuya tullandı, guppultu ilə quyunun dibinə düşdü. Yazıq tülkünün əzilməmiş bir yeri qalmadı. Ufuldaya-ufuldaya ayağa qalxdı, quyruğun yanına getdi. Ağzını açdı ki, quyruğu yesin, donub yerində qaldı. Demə, bu, quyruq deyilmiş, bir parça ağ daş imiş. Tülkü baba çox fikir elədi, tədbir tökdü, istədi quyudan çıxsın, çıxa bilmədi. Çünki quyu çox dərin idi. Tülkü baba quyruğunu yanına qısıb, bir küncdə çömbəldi. Aranı dağa apardı, dağı arana gətirdi, fikirləşdi ki, burdan nə cür çıxsın. Bir də gördü bir ilanla, bir tısbağa onun yanına gəlirlər.

Tülkü baba sevinib dedi:

- A ilan, a tısbağa qardaş, siz burda nə gəzirsiniz?

Tısbağa cavab verdi:

- Tülkü baba, biz də sənin kimi öz tamahımızın ucundan buraya düşmüşük. Kənara çıxa bilmirik.

Elə bu vaxt quyunun başından səs gəldi.

Tülkü dedi:

- Gizlənək, görək bu kimdi?

Hər üçü bir küncdə gizləndilər. Bir az keçmişdi, bir də gördülər bir şey tappıltı ilə quyuya düşdü. Baxdılar quyuya düşən çaqqaldı. Tülkü ona baxıb güldü. Bu da tülkü babagil kimi aldanmışdı. Tamahının ucundan özünü quyuya salmışdı. Tülkü bərkdən dedi:

- Çaqqal qardaş, xoş gəlmisən, beş gətirmisən?

Çaqqal tülkü babanı görüb bağırdı:

- Axmaq-axmaq danışma, çəkil oyana görüm. Quyruq özümündü.

Tülkü baba cavab verdi:

- Ay axmaq caqqal, heç acıqlanma. O quyruq deyil, bir parça ağ daşdı. Səni aldadan kimi, məni də aldadıb bura salıb. İndi hamımız burda acından qırılacağıq. – Çaqqal dodaqlarını büzüb ağlamağa başladı. Bu zaman quyunun başından bir gurultu eşidildi. Tülkü baba çaqqala dedi:

- Axmaq-axmaq ağlayıb baş-gözümüzü aparma. Quyunun başında səs-küy var. Gəl gizlənək, görək indi qonağımız kim olacaq?

Çəkilib bir küncdə gizləndilər.

Bir az keçmişdi, bir zorba quyudakı daşı quyruq hesab eləyib atıldı, şappıltı ilə quyunun dibinə düşdü. Qol-qabırğası əzilmiş halda yerdən qalxıb quyruğun üstünə cumdu. Baxdı ki, quyruq nə gəzir? Bu, bir ağ daş imiş. Acıqlı-acıqlı o tərəfə, bu tərəfə baxmağa başladı, küncə qısılmış tülkünü, çaqqalı, tısbağanı, bir də ilanı gördü. Qurd bağırdı:

- Yoxsa, burdakı quyruğu siz yemisiniz?

Çaqqal qorxusundan tülkünün böyrünə qısıldı. Tülkü quyruğunu yerə sallayıb qulaqlarını irəli uzatdı. Qurda cavab verdi:

- Qurd ağa, heç acıqlanma. Bura sən deyən yer deyil. Hamımız acından öləcəyik. Sən görən – quyruq deyil, bir parça ağ daşdı. O daş bizi aldadan kimi, səni də aldadıbdı. Ax tamah, tamah...

Qurdun qulağı büzüşdü, istədi tülkü babaya cavab versin, quyunun başından bir səs gəldi. Bunlar hamısı qaçıb gizləndi. Bir yekə donuz tappıltı ilə quyuya düşdü. Donuzun ayağı o qədər ağrımışdı ki, ayağa qalxa bilmirdi. Quyudakılar buna baxıb gülüşdülər. Donuz ağlaya-ağlaya dedi:

- Qardaşlar, bəs, siz burda nə qayırırsınız?

Tülkü baba cavab verdi:

- Heç soruşma, donuz qardaş, sənin başına gələn bizim də başımıza gəlib. Gəl bəri görək bu bir parça az daş daha hansı axmağı bu tora salacaq?..

Bu zaman quyunun başından bir donquldanma eşidildi. Bunlar altısı da qaçıb gizləndi. Bir böyük ayı gurultu ilə quyunun dibinə düşdü. Ayı yumşaq idi, heç yeri əzilmədi, tez ayağa durdu, tüklərini qabartdı, acıqlı-acıqlı hər tərəfə göz gəzdirdi. Quyudakıları görüb dal ayaqları üstə qalxdı, gözlərini bərəldib qışqırdı:

- Deyin görüm burdakı quyruğu hansınız yediniz?

Quyudakıların dili tutuldu. Tülkü baba irəli yeriyib, qorxa-qorxa dedi:

- A ayı lələ, biz quyruq yeməmişik. Sən gördüyün quyruq deyil, bir ağ daşdı. Səni aldadan kimi, bizi də aldadıb bura salıb. Heç acıqlanma. Burdan nə sən çıxa biləcəksən, nə də biz.

Ayı tülkü babanın sözünə gülüb, sıçradı ki, quyudan çıxsın, amma bacarmadı. Çünki quyu çox dərin idi. Əlacsız qalıb tülküyə dedi:

- Tülkü baba, bəs, nə eyləyək ki, burdan çıxaq?

Tülkü baba cavab verdi:

- Mən də bilmirəm. Gəlin hamımız bir yerdə yaxşıca fikirləşək, görək bir yol tapa bilərikmi?

Hərə bir tərəfdə oturub fikirləşməyə başladı. Amma nə qədər fikirləşdilərsə, bir yol tapa bilmədilər. Axırda hamısı yoruldu. Hərə bir tərəfdə uzanıb yatdı, ancaq tülkü baba yatmadı, fikir eləyirdi ki, bir kələk tapsın, bunların hamısını ayı qırsın, özü də onun əlindən qurtarsın.

O günü onlar ac qaldılar, sabahısı da ac qaldılar. Üçüncü günü tülkü gördü daha dura bilmir, acından öləcək. Yoldaşlarını başına topladı. Üzünü onlara tutub dedi:

- Qardaşlar, görürsünüz hamımız acından ölürük. Hamımızın ölməyimizdənsə, yenə də birimizin ölməyi yaxşıdı. Qoyun mən bir mahnı oxuyum, hər kimin adı axıra düşsə, onu yeyək.

Yoldaşlarının hamısı buna razı oldu. Tülkü ayağa qalxıb oxumağa başladı. Gör nə cür oxuyur?

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Tısbağa çanaq,
Biz ona qonaq.

Hamı bir-birinin üzünə baxdı. Tülkü üzünü ayıya tutub dedi:

- A ayı lələ, sən bilirsən ki, biz burda nə su tapacağıq içək, nə arpa, buğda tapacağıq ölçək. Ona görə də bizə çanaq saxlamaq lazım deyil. Mən nəğməni oxudum. Məndən demək, sizdən yemək.

Onlar tökülüb tısbağanı yedilər.

Ayı dedi:

- Tülkü baba, bundan bir şey olmadı. Bir də oxu.

Tülkü oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Bircə damcı.

Yenə hamı bir-birinin üzünə baxdı. Tülkü dedi:

- A ayı lələ, de görüm, bizim burda atımız, ulağımız yox, qamçı nəyimizə lazımdı? Mən nəğməni oxudum. Məndən demək, sizdən yemək.

Tökülüb ilanı da yedilər.

Ayı dedi:

- Tülkü baba, bundan da bir şey olmadı. Bir də oxu görək kimə düşür.

Tülkü oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
Bizdən soruş.

Hamı tülkünün üzünə baxdı. Tülkü dedi:

- Qardaşlar, çanaqla qamçını yedik. Qaldı indi bizim çavuşumuz. Çavuş nəyimizə lazımdır? Dava eləməyəcəyik ki, təlim verə, məclisə getməyəcəyik ki, əzan deyə. Məndən demək, sizdən yemək.

Tökülüb çaqqalı da yedilər. O günü belə keçirdilər. Gecə yatdılar. Səhər tezdən yenə bir-birinin üzünə baxdılar. Ayı dedi:

- Tülkü baba, acından ölürəm, oxu görək indi kimə düşür?

Tülkü oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Səsi bayquş.

Yenə də hamı bir-birinin üzünə baxdı. Tülkü dedi:

- Ayı lələ, ulavuş bizim nəyimizə lazımdı? Elə əslinə baxsan, o uladı ki, biz bu günə qaldıq. İndi acından qırılırıq. Mən nəğməni oxudum. Məndən demək, sizdən yemək.

Ayı o saat qurdu qarmaladı. Basıb onu da yedilər. O günü də belə keçirib sabahı elədilər. Ayı üzünü tülküyə tutub dedi:

- Tülkü baba, acından ölürəm. Durma oxu, bir nahar eləyək.

Tülkü oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq...

Yenə də hamı bir-birinin üzünə baxdı. Tülkü dedi:

- Ayı lələ, de görüm toxmaq bizim nəyimizə lazımdı? Məndən demək, səndən yemək.

Ayı o saat pəncəsilə basıb donuzun belini qırdı. Hərəsi bir tərəfdən onun ətini parçalayıb yeməyə başladılar.

Bir neçə gün də donuzun əti ilə dolandılar. Tülkü donuzun ətindən bir qədər qoltuğunda gizlətmişdi. Burnunu qoltuğunun altına salıb onu yeyirdi. Ayı onu görüb dedi:

- Tülkü baba, əti hardan alıb yeyirsən? Mənə də ver.

Tülkü baba cavab verdi:

- Heç haradan almıram. Öz qoltuğumun ətidi, söküb yeyirəm. Sən də öz qoltuğunun ətini sök, ye. Ayının ağlına batdı, öz qoltuğunu dişi ilə sökdü. Qan başladı sel kimi axmağa. O qədər qan axdı ki, axırda ayı taqətdən düşdü, yerə uzanıb öldü. Tülkü: “Mən deyəndə ayı axmaq, mənə gülürlər”, - deyib gülə-gülə ayının ətindən parçalayıb yeməyə başladı. Bir müddət də ayının əti ilə dolandı. Sonra yenə də aclıq başladı. Tülkü aclığa davam gətirə bilməyib, bərkdən vaqqıldamağa başladı. Tülkü vaqqıldaya-vaqqıldaya deyirdi:

- Ax, tamah, ax tamah!.. Sən nə pis şeysən. Əgər tamahımı yığsaydım, bura düşməzdim!

Bir ovçu ordan keçirdi. Tülkünün səsini eşidib, quyunun başına gəldi. İp sallayıb tülkünü quyudan kənara çıxartdı, dedi:

- Ay tülkü, camaatda toyuq qoymadın, çöllərdə quş qoymadın, yazıqların hamısını boğub yedin. İndi də mən səni boğub öldürəcəyəm, dərini soyub boğazından çıxardacağam.

Ovçu tülkünü boğub, kənara atdı. O, elə bilirdi ki, tülkü ölüb. Biçağını itiləyirdi ki, onun dərisini soysun. Birdən tülkü yerdən sıçrayıb götürüldü. Ovçu səsə qanrılıb baxdı ki, tülkü odu təpənin başında. Səs də onun səsidi, deyir?

- Ovçu qardaş, adam işin birini qurtarmamış, o birinə başlamaz. Hələ bir bax, gör, boğub öldürübsən, ya yox, sonra dərisini soymağa hazırlaş.

Ovçu bir söz demədi. Gördü ki, tülkü düz deyir, kor-peşman evinə qayıtdı.