Tülkü və meymun (Abbas Səhhət)

Vikimənbə saytından
Tülkü və meymun
Müəllif: Abbas Səhhət


Dedi bir tülküyə bir gün meymun:
– Səndə, yoldaşcığazım, çoxdur yun,
Mən, görürsən ki, nə cür üryanam.
Müstəhəqqi-kərəmü ehsanam.
Tükün əndazədən artıq görünür,
Quyruğun, gör necə, yerlə sürünür.
Elə bir lütfi inayət, tülkü,
İltimasimi icabət, tülkü.
Saxla əvvəl sənə lazım olanı,
Ver mənə sonra o artıq qalanı.
Bürüyüm mən də onunla özümü,
Mərhəmət eylə qəbul et sözümü.
Söylədi tülkü: – Əbəsdir bu xəyal,
Məndən ol mərhəməti etmə sual.
Quyruğum gərçi uzundur, a kişi,
Var onun kəndinə məxsus işi.
O həmişə süpürür torpağı,
Mənə lazımdır onun olmağı.