Məzmuna keç

Tülkü və qurd (Abbas Səhhət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tülkü və qurd
Müəllif: Abbas Səhhət


Tülkü gəzəndə yıxılıb nagəhan,
Bir quyuya düşmüş idi bir zaman.
Torpağa sürtmüşdü üzün, həm gözün,
Qurtara bilməzdi ölümdən özün.
Düşdü qəzadan ora qurdun yolu,
Baxdı ki, görsün quyu boşdur, dolu.
Tülkü onu gördü, salam eylədi,
Ağladı, yalvardı, belə söylədi:
– Qurd lələ, səndən edirəm iltimas,
Sən məni bu təhlükədən qıl xilas.
Qurd dedi: – Çox-çox yanıram halına,
Xatirim aşiftədir əhvalına.
Bilmirəm axşam edəcəksən necə?
Sübh açacaqsan nə sayaq bu gecə?
Tülkü dedi: – Çox sağ ol, ey qurd lələ,
Boş danışıqdan nə yetər hasilə?
Sən belə hərgah mənə qəmxar isən,
Halıma rəhmin gəlib ağlar isən,
Bir qədər ip tap mənə qıl iltifat,
Ver mənə bir növ ilə burdan nicat.
Yoxsa ki etməz quru söz iktifa,
İş gərək olsun, nə əbəs iddia.