Məzmuna keç

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol

Vikimənbə saytından
Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol (2008)
Müəllif: Türkiyə
Mənbə: Türkiyə və Ermənistan arasında imzalanmış protokollar - TAM MƏTN

Protokol 1

[redaktə]

Türkiyə və Ermənistan respublikaları xalqlarının xeyrinə xidmət etmək məqsədilə yaxşı qonşuluq əlaqələri qurmağı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafını arzulayaraq, Birləşmiş Millət Təşkilatının sənədlərini, Helsinki Yekun Aktını, Yeni Avropa Paris sənədi çərçivəsindəki məsuliyyətlərini dərk edərək,

İkitərəfli və beynəlxalq münasibətlərdə, bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşacaqları yönündə öhdəliklərini anlayaraq,

İki ölkə arasında etibar və etimad mühitinin yaradılmasının və bunun qorunmasının, bütün bölgədə sülhün, etibarın və sabitliyin güclənməsinə töhfəsini verəcəyini, güc tətbiq etməkdən və ya hədələrdən imtina etmə, problemlərin sülh yolu ilə həlli, insan haqlarının və təməl azadlıqların qorunmasının əhəmiyyətini dərk edərək,

İki ölkə arasındakı mövcud sərhədin beynəlxalq hüququn müvafiq anlaşmalarında əksini tapdığı şəkildə qarşılıqlı tanındığını qəbul edərək, ortaq sərhədin açılması yönündə qəbul etdikləri qərarı vurğulayaraq,

Yaxşı qonşuluq münasibətləri anlayışına uyğun gəlməyəcək hər hansı siyasət yürütməyəcəklərinə dair öhdəlikləri yeniləyərək, hansı səbəbdən olursa olsun, terrorun bütün növlərini, şiddəti və ayrı-seçkiliyi qınayaraq, bu cür hallardan çəkinəcəklərini və terrora qarşı mübarizədə işbirliyi nümayiş etdirməli olduqlarını anlayaraq,

Ortaq mənfəətlər və yaxşı niyyət zəminində sülh, qarşılıqlı anlaşma və uyğunlaşma hədəfləri istiqamətində münasibətlər qurmaq üçün yeni model yaratmaq və istiqamət müəyyənləşdirmək iradələrini ortaya qoyaraq, protokol qüvvəyə mindiyi tarixdən etibarən diplomatik münasibətlər qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçiliyin açılması yönündə anlaşıblar.


Protokol 2

[redaktə]

"Türkiyə və Ermənistan respublikaları eyni gün imzalanan Türkiyə və Ermənistan respublikaları arasında Diplomatik Əlaqələrin Qurulması Protokolunun rəhbərliyində ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara hörmət və inam əsasında inkişaf etdirilməsini əsas tutaraq,

ikitərəfli əlaqələrin iki ölkənin ortaq maraqları əsasında siyasi, iqtisadi, mədəni, elmi, tarixi və digər sahələrdə inkişafına və irəliləməsinə qərarlı olaraq, beynəlxalq və regional təşkilatlara iş birliyinin, xüsusilə BMT, AŞ, ATƏT, NATO və QDİƏT çərçivəsində bir-birinə dəstək verərək, iki dövlətin, bölgədə demokratik proseslərin davam etməsini təmin etmək, regional sülhün və inamın artırılması üçün iş birliyini davam etdirmək istiqamətindəki ortaq məqsədlərini diqqətə alaraq, regional və beynəlxalq anlaşılmazlıq və münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində barışdırıcı bir şəkildə həll edilməsi ilə bağlı niyyətlərini ifadə edərək, terrorizm, sərhəd pozuculuğu, narkotik və silah qaçaqçılığı kimi bölgəyə və dünyanın təhlükəsizliyinə və sabitliyinə yönəlmiş ortaq təhlükələr məsələsində beynəlxalq aləmin rəylərini güclü şəkildə dəstəkləməyə hazır olduqlarını yenidən vurğulayaraq,

1. Bu Protokolun fəaliyyətə başlamasından etibarən 2 ay içərisində ortaq sərhədin açılması ilə bağlı razılığa gəlirlər.

2. Hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında davamlı siyasi dialoq olacaq. İki xalq arasında qarşılıqlı inam yaratmaq məqsədilə hazırkı problemlərin tanımlanmasına və tövsiyələr verilməsi üçün tarixi qaynaq və arxivlərin tərəfsiz şəkildə elmi araşdırılmasına xidmət edəcək bir dialoqun başladılması, İki ölkə arasında hazırkı əlaqə, enerji sistemi və şəbəkələrindən ən yaxşı formada istifadə edilməsi və bununla bağlı tədbirlər görülməsi, İki ölkə arasında iş birliyini gücləndirmək məqsədilə ikitərəfli hüquqi çərçivənin yaradılması, əlaqədar qurumlar arasında münasibətlərin dəstəklənməsi, mütəxəssis və tələbə mübadiləsini təmin etməklə elm və sahələrində iş birliyi qurulması və iki tərəfə aid mədəni mirasın qorunması və ortaq mədəni layihələrin başladılması məqsədilə işə başlanılması, İki ölkənin vətəndaşlarına lazımi yardımı və qorumanı təmin etmək üçün 1963-cü ildə Konsulluq Əlaqələrinə dair Vyana Sazişinin tələblərinə görə, konsulluq sahəsində işbirliyi yaradılması, İki ölkə arasında ticarət, turizm və iqtisadi iş birliyinin inkişaf etdirilməsi məqsədilə real tədbirlər həyata keçirilməsi, digər məsələlərə aid dialoq qurulması və iş birliyinin gücləndirilməsi ilə bağlı razılığa gəlirlər.

3. Bu Protokolun nəzərdə tutduğu məsələlərin sürətli bir şəkildə həll edilməsi üçün ayrı-ayrı alt komissiyaların daxil olduğu ikitərəfli Hökumətlərarası Komissiya yaratmaqla bağlı razılığa gəlinir. Bu Hökumətlərarası Komissiyanın iş prinsiplərini hazırlamaq üçün Protokolun qüvvəyə minməsindən keçən iki ay ərzində hər iki ölkənin xarici işlər nazirliklərində işçi qrupları yaradılacaq. İşçi qrupları protokolun qüvvəyə minməsindən keçən 3 ay ərzində iş prinsiplərini hazırlayacaq, nazirlər isə bu sənədi imzalayacaqlar. Alt Komissiyalar hökumətlərarası komissiyaların fəaliyyətə başlamasından keçən 1 ay müddətində fəaliyyətə başlayacaqlar. Lazım olacağı təqdirdə, alt komissiyalara xarici mütəxəssislər də dəvət edilə bilər.