Təşneyi-cami-vüsalın abi-heyvan istəməz

Vikimənbə saytından
Təşneyi-cami-vüsalın abi-heyvan istəməz
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.150.

Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,
Mayili-muri-xətin mülki-Süleyman istəməz.

Zülməti-zülfün giriftari dəm urmaz nurdən,
Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.

Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,
Sakini-künci-qəmin seyri-gülüstan istəməz.

Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür,
Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.

Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib,
Hiç sultanəm deyən mülkünü viran istəməz.

Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim,
Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.

Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,
Qaliba, ərbabi-iste’dadı dövran istəməz.