Məzmuna keç

Tədbirin gözəlliyi

Vikimənbə saytından
Tədbirin gözəlliyi
Müəllif: Abbasqulu ağa Bakıxanov


Əmr etdi nədimə sultan bir səhər,
Ki, hazır eyləsin qalın bir dəftər,
Ölkədə nə qədər dəli-axmaq var,
Yazsın adlarını aydın, aşikar.
Dəftər hazırlanıb verildi sabah,
Lap başda görüncə öz adını şah.
Dedi: «Ey yaramaz, ey hərzə insan,
Nə üçün adımı bura yazmısan?»
Dedi: «Bir şəxsə ki, mal-dövlət verdin,
Uzaq bir ölkəyə onu göndərdin.
Vətənsiz bir quldur o adam ancaq,
Söz yoxdur, o bir də qayıtmayacaq.
İndi o azaddır əlində dövlət,
Kef çəkib yaşayır şad-xürrəm, rahət».
Şah dedi: «Qayıdıb gəlsə o zaman,
Yəqin ki, onda sən axmaq olarsan».
Söylədi: «Eybi yox gələrsə həmən,
Bir ad da yazaram bu dəftərə mən».
Ey Qüdsi, ibrətlə bax bu gedişə,
Ağılla şüru et sən də hər işə.
Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də zərəri yoxdur.
Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.