Tən edər
Görünüş
Tən edər Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Talada sevmişəm mən bir şahbazı,
Sərv boyu tuba boya tən edər.
Süzübən baxanda məstü-məstana,
Qaşları əyməsi yaya tən edər.
Qoynun içi mixək, darçın, hil kimi,
Boyu uzun, saçları sünbül kimi,
Ağı ağdı, qırmızısı gül kimi,
Yanağı günəşdi, aya tən edər.
Məhəmmədin könlünə saldın güman,
Məməsi fincandı, sinəsi meydan.
Ərşdəki mələk tək, behiştdə qılman,
Gözəllikdə Züleyxaya tən edər.